EN

Göyçayda Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Göyçay, 25 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçay rayon Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarifçi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə “Aləmdə səsim var mənim” adlı ədəbi-bədii gecə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə mədəniyyət işçiləri, ziyalılar, ədəbiyyatsevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatında və maarifçilik tarixində tutduğu mühüm yerdən bəhs edərək, onun yaradıcılığının bu gün də aktuallığını qoruyub saxladığını vurğulayıblar. Bildirilib ki, XIX əsr Azərbaycan poeziyasının ən parlaq simalarından olan Seyid Əzim Şirvani klassik şeir ənənələrini davam etdirməklə yanaşı, yaradıcılığında maarifçilik ideyalarını, elmə, təhsilə çağırışı ön plana çəkib. Onun əsərləri cəmiyyətin inkişafı, milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ədəbi-bədii gecədə Göyçay rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında Seyid Əzim Şirvaninin qəzəlləri əsasında hazırlanmış muğam parçaları səsləndirilib. Həmçinin şairin müxtəlif mövzuları əhatə edən şeirləri səsləndirilib, onun lirikasının dərin fəlsəfi məzmunu və bədii xüsusiyyətləri diqqətə çatdırılıb.

Tədbirin sonunda Seyid Əzim Şirvaninin həyat və yaradıcılığını əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiya şairin ömür yolunu, yaradıcılıq axtarışlarını və maarifçilik fəaliyyətini əks etdirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
61
azertag.az

1Sources