EN

Prezident memarlığa, şəhərsalmaya böyük diqətlə yanaşıb, bizə təşəbbüslərimizdə dəstək verib - Elbay Qasımzadə

Yazını böyüt
Yazını kiçilt

2026-cı ildə Memar Əcəminin 900 illik yubileyi olacaq"

Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi. Bu hadisə özlüyündə Azərbaycan tarixində şəhərsalma və memarlıq ənənələrinin zəngin keçmişinin yenidən öyrənilməsi, dünya səviyyəsində təbliği və təşviqi üçün yeni imkanlar təqdim edir. Azərbaycan şəhərləri, memarlıq abidələri onun maddi-mədəni zənginliyinin tərkib hissəsidir.

Hafta.az-ın müsahibi Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadədir:

- Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu ilin əhəmiyyətini necə dəyərləndirərdiniz?

- Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Sərəncamı son onilliklərdə Azərbaycanda ardıcıllıqla aparılan şəhərsalma siyasətinin bir zirvəsidir. Etiraf edək ki, illərboyu, əsasən də 2020-ci ildən sonra ölkəmizin şəhər və qəsəbələrində çox böyük dəyişikliklər baş verib. Şəhərlər müasirləşib, daha abad olub, sosial infrastruktura çox böyük diqqət yetirilib. Onlarca müxtəlif bölgələrdə səhiyyə, idman, mədəniyyət ocaqları inşa olunub, yeni yaşayış evləri tikilib. Bütün bunlar, əlbəttə ki, Prezidentimizin ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan bu günə kimi apardığı ardıcıl siyasətin nəticəsidir. Dövlət başçısı ilk gündən şəhərsalma məsələsinə çox böyük diqqət göstərib.

Şəhərsalma həqiqətən də dövlətin sosial-iqtisadi inkişafında aparıcı rol oynayan sahələrdən biridir. Məhz əmək resurslarının düzgün yerləşdirilməsi, məskunlaşma, mühəndis və sosial infrastruktur, insanların rahat yaşayışı şəhərsalmanın qarşısında duran əsas vəzifələrdir. Bütün bunlar şəhərsalma nöqteyi-nəzərindən düzgün planlaşdırılmasa, onun həyata keçirilməsində çoxlu yanlışlar baş verir. Buna görə də 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və memarlıq” ili elan olunması çox vacib göstəricidir. Bu onu göstərir ki, dövlətimiz, xalqımız bu məsələyə çox diqqətlə yanaşır və uğurla inkişaf etdirilməsində maraqlıdır.

- Azərbaycan milli memarlığı, şəhər mədəniyyəti özünün hansı üstünlükləri, özünəməxsusluğu ilə seçilir, yaşayır?

- Azərbaycan, həqiqətən, tarixən öz milli memarlıq xüsusiyyətləri ilə fərqlənib. Əlbəttə ki, minillər öncə də bizim şəhərlərimiz olub. Bunun sübutu arxeoloqlar tərəfindən aşkar olunmuş şəhər qalıqlarıdır ki, onların üç-beş min il öncə inşa olunduğu aşkar edilib. Azərbaycanda XII əsr - Nizami dövründə memarlıq fəaliyyəti ilə məşğul olan böyük ustad Əcəmi Naxçivanlının adı bu gün də çəkilir və hər kəs tərəfindən tanınır, bilinir. Mən güman etmirəm ki, qonşu dövlətlərdə, eləcə də uzaq diyarlarda yaşayan xalqlar özlərinin o dövrə aid hansısa bir memarının adını çəkə bilsinlər. Bizdə isə bu tarixi simalar var və onların əsərləri indiyə qədər qalıb, mövcuddur.

Azərbaycanın tarixi memarlıq fəaliyyətinə baxsaq, hələ XIV əsrdə Qərb səyahətindən vətənə qayıdan Əmir Teymur məhz Təbrizdən memarları və ustad sənətkarları əsir aparıb Səmərqəndi tikdirib. Bu gün Səmərqənddə qardaş özbək xalqının tarixi irsi kimi nümayiş etdirilən möhtəşəm komplekslər və binalar məhz Təbriz memarlarının, sənətkarlarının işləridir. Bu, tarixən təsdiqlənir.

Belə qeyd edirlər ki, Əmir Teymur Səmərqəndi tikdirərkən sənətkarları İrandan gətirib. Mən Özbəkistanda olanda Səmərqənddə möhtəşəm memarlıq abidələrini seyr etdim və Gür-Əmir türbəsində böyük bir xəritə gördüm. O xəritədə Əmir Teymurun Qərbə getdiyi və qayıtdığı yolun xəritəsi göstərilir. Bəli, Əmir Teymur düz Xəzərin Cənub sahili ilə hərəkət edərək, o dövrdə indiki İran ərazisində olan Ərdəbil, Təbriz, Naxçıvandan keçərək həmin sənətkarları toplayıb. Bu üç şəhər Azərbaycan şəhərləri idi və hər üçündə də azərbaycanlılar yaşayıb, indi də yaşayırlar. Göstərilir ki, Əmir Teymur həmin ustadları o şəhərlərdən Səmərqəndə gətirib. Eynilə Azərbaycan memarlıq məktəblərinin məzunlarının əsərləri başqa ölkələrdə də var. Məsələn, Hind şahı Humayun Təbrizdə ikən Azərbaycan miniatur sənəti ustalarının, xəttat və memarlarının əsərləri ilə tanış olur və Azərbaycan incəsənətinə heyran kəsilir. Yenidən hakimiyyəti ələ keçirdikdən sonra o, bir sıra Azərbaycan sənətkarlarını Dehliyə öz sarayına dəvət edir. Miniatürçü Mir Seyid Əli də həmin sənətkarlar arasında idi.

Deyildiyi kimi, Humayun Azərbaycandan qayıtdıqdan sonra, Səfəvi memarlığının böyük pərəstişkarına çevrilmişdi. Bunu nəzərə alan həyat yoldaşı Həmidə Banu Bəyim həmin il Məkkə ziyarətindən qayıdarkən Azərbaycandan keçəndə memar Ağa Mirək Mirzə Qiyası sevimli əri Humayunun məqbərəsini tikdirməkdən ötrü özü ilə Dehliyə gətirir. Məqbərə səkkiz ilə tikilib başa çatır. Ağa Mirək sübut edir ki, bu qədər yolu boş yerə qət etməyib. Hind sənətşünaslarının fikrincə, həmin məqbərə Hindistanda bu cür xatirə komplekslərinin tikilişində dönüş nöqtəsinə çevrilir. Həmin sıranın zirvəsi isə heç şübhəsiz, dünya memarlığının Aqradakı şedevri Tac-Mahal sayılır. Ağa Mirək xanın adı Hindistan xalqına yaxşı tanışdır. Onun tikdiyi məqbərə isə indiyə qədər ölkədəki memarlıq abidələri içində ən gözəgəlimlilərindən sayılır.

- “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik olan şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin təşviqi və tətbiqi ilə bağlı hansı gözləntilərin həyata keçirilməsi mesajını verir?

- 2026-cı ildə Bakıda Beynəlxalq Forum keçiriləcək və bu tədbir dünyanın diqqətini Azərbaycanda şəhərsalma və memarlıq sahəsində gedən müsbət proseslərə cəlb edəcək. Ölkəmiz şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir.

Bundan başqa, gələn il Əcəmi Naxçıvaninin 900 illiyidir. Əcəminin Azərbaycanın tarixi mədəniyyətində, memarlıq tarixində qoyduğu irs çox önəmlidir. Nəhayət, bu il dekabrın 15-də bizim təşəbbüsümüzlə Parisdə UNESCO-nun iqamətgahında Əcəmi Naxçıvaninin 900 illiyinə hər olunan tədbir keçirilib. Memarlar İttifaqının, Fransada Azərbaycan səfirliyinin, UNESCO-nun Azərbaycanda birlik komissiyasının iştirakı ilə keçirilən tədbirdə sərgi təşkil olunub. Əcəminin 900 illiyinə hər olunmuş yeni nəşrdə çıxmış kitab nümayiş olunub. Bizim tərəfdən Əcəminin əsərlərinə həsr olunmuş poçt markaları nümayiş etdirilib.

Nəhayət, 2026-cı il, həm də Azərbaycan Memarlar İttifaqı yaranmasının 90 ilini qeyd edəcək. Bu üç böyük hadisə əlbəttə ki, 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi üçün kifayət olan səbəbdir və həm də gələn ilin “Şəhərsalma və memarlıq” ili elan edilməsinə tam haqqımız var. Bunun üçün peşəkarlar adından Prezidentə minnətdarlığımı bildirirəm. Cənab Prezident memarlığa, şəhərsalmaya böyük diqqətlə yanaşıb. Bizə təşəbbüslərimizdə dəstək verib. Düşünürəm ki, biz də bu münasibəti doğruldub gələcəkdə yeni əsərlərə, yeni uğurlara nail olacağıq.

- 2026-cı il Qarabağın bərpa prosesində, eləcə də işğaldan azad olunan Şuşa və digər ərazilərdə şəhərlərin yenidən salınmasında hansı “Yol Xəritəsi” hərəkətliliyini vəd edir?

- 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyümüzü bərpa edəndən sonra işğaldan azad olunan ərazilərimizdə böyük quruculuq işləri aparılır. On illərlə viran qoyulmuş şəhərlərimiz, qəsəbələrimiz yenidən inşa olunur. Daha müasir, indiki tələblərə cavab verən yaşayış evləri, sosial infrastruktur, yeni yollar tikilir.

Qeyd etdiyim kimi, Ermənistanın işğal etdiyi və 30 il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə - 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanılıb. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə mili iradənin təzahürüdür.

Məhz 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əsas səbəblərindən biri də budur: artıq 5 ildir ki, biz o torpaqlarda dünyada görünməyən miqyasda böyük işlər görürük. Etiraf edək ki, eyni ərazidə eyni zamanda tikinti aparmaq çox böyük hünər, çox böyük cəsarət tələb edir. Bunun üçün təkcə maddi imkanlar kifayət etmir, həm də mütəxəssis potensialı, inşaatçılar, fəhlələr, mühəndislər, texnika potensialı və əlbəttə ki, qeyd etdiyimiz kimi cəsarət, hünər lazımdır. Tarix göstərdi ki, bütün bunların hamısı ölkəmizdə xalqımızda var və bütün bunların hamısının təşəbbüskarı dövlət başçısı İlham Əliyevdir. Bu beş ildə baş verənlər bizə tam hüquq verir ki, 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilsin. Və bir daha dünya ictimaiyyətinin diqqətini ölkəmizdə görülən işlərə cəlb etsin.

Tahirə Qafarlı

Chosen
44
1
hafta.az

1Sources