Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov “Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən xəbər verilib.
Baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.
Hökumət başçıları bir-birilərinə, həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqına başsağlıqlarını ifadə ediblər.