İlahiyyatçı qeyd edib ki, “Hər kim bir qövmə bənzəyərsə, o da onlardandır” hədisi də çox vaxt kontekstdən çıxarılır: “Qədim alimlər bu hədisi zahiri mənada yox, dini kimliyi və aqidəni təqlid etmək kontekstində izah ediblər. Əgər hər mədəni oxşarlıq haram sayılsaydı, bu gün istifadə etdiyimiz təqvim, saat, texnologiya, hətta geyim forması belə problemə çevrilərdi. Din formaya yox, məzmuna baxır. Azərbaycan cəmiyyətinin özünəməxsus tarixi və sosial reallığı var. Biz uzun illər ateist sistemdə yaşamışıq, eyni zamanda xristian mədəniyyətinin təsiri altında formalaşmış bir məkan olmuşuq. Bu gün isə tolerant, çoxmillətli və çoxdinli bir cəmiyyətdə yaşayırıq. İnsanlar yeni ili dini bayram kimi yox, ailəvi bir gecə, ilin hesabatı, sabaha ümid kimi yaşayırlar. Bu reallığı görmədən verilən dini hökmlər cəmiyyətdə qarşılıq tapmır. Ona görə də mənim mövqeyim aydındır: yeni ilin qeyd edilməsi insanı dindən çıxarmır. Bu gecəni bütün dünya insanları ilə birlikdə zamanın dəyişməsi kimi, ümid və niyyət gecəsi kimi yaşamaq mümkündür. Əgər bu, haramsız, sakit və mənalı şəkildə olursa, burada dini problem axtarmaq doğru deyil. Problem gecədə yox, niyyətdədir. Din insanı zamandan qoparmaq üçün yox, zamanın içində düz saxlamaq üçün gəlib. Rəqəmlər dəyişir, illər keçir. Əsas olan odur ki, insan bu dəyişimin içində imanını, vicdanını və ölçüsünü itirməsin. Mən yeni ilə məhz bu prizmadan baxıram”.