EN

Mediamız 2025-ci ildə

Yazını böyüt
Yazını kiçilt

Mətbuatın dövrün tələbi ilə yenilənmə tələbi varmı?

Azərbaycan mediası dövrün yeni reallıqlarına adekvat olaraq dəyişir. Dünyada cərəyan edən hadisələrin informasiya yayımının internet, sosial şəbəkələr üzərindən işıq sürəti ilə paylanmasına və bu prosesdə hər bir fərdin, hər bir hadisənin infarmator kimi çıxış etməsi peşəkar mətbuatın məsuliyyətini artırmaqla yanaşı, dövrün tələləblərinə uyğun şəkildə operativ, analitik fəaliyyət mexanizmləri üzərində yeni çalışmalar tələb edir. Bu gün 150 yaşlı mətbuatımız informasiya ötürücüsü, paylayıcısı kimi çıxış etmək əvəzinə, həm də bütün yaşam və fəaliyyət istiqamətlərində xəbərlərin, məlumatların tənzimləyici və nizamlayıcısı statusunu daşımaq kimi yeni rol almaqdadır. Azərbaycan mətbuatının hansı dönəmdən keçdiyi və dünya mediası ilə əməkdaşlıqlarının hansı formatda qurulduğu maraqla izlənir.

Mətbuatın dövrün tələbi ilə yenilənmə tələbi varmı?

Hafta.az-ın müsahibləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli və “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyevdir:

- Azərbaycan Mediasının 2025-ci il mənzərəsi necə görünür?

E.M: 2025-ci ilin media mənzərəsi həm imkanlar, həm də ciddi innovativ çağırışlarla zəngindir. Bir tərəfdən, rəqəmsallaşma, süni intellekt, sosial platformalar informasiya dövriyyəsini sürətləndirib, digər tərəfdən,  peşəkar jurnalistikanın məsuliyyəti daha da artıb. Bu gün əsas problem informasiyanın bolluğu deyil, onun etibarlılığıdır. 2025-ci ildə medianın əsas missiyası sürət yarışında uduzmaq bahasına olsa belə, dəqiqliyi, milli maraqları və ictimai məsuliyyəti qorumaq olub. Mənzərə göstərir ki, klassik jurnalistika rəqabətə, yeni texnologiyalara uyğunlaşa bilənlər üçün yaşayacaq, uyğunlaşmayanlar isə sıradan çıxacaq.

B.Q: 2025-ci ilin media panoraması həm qlobal, həm də milli kontekstdə dövrün ümumi reallıqlarına uyğun mürəkkəb və kontrastlarla zəngin mənzərə ortaya qoyur. Rəqəmsallaşmanın dərinləşməsi, süni intellekt texnologiyalarının xəbər istehsalına sürətlə inteqrasiya olunması, sosial platformaların klassik medianın informasiya monopoliyasını sarsıtması artıq geriyə dönüşü olmayan bir prosesdir. Belə bir şəraitdə media təkcə informasiya ötürücüsü deyil, eyni zamanda ictimai rəyin formalaşdırılmasında strateji aktor kimi çıxış edir. Azərbaycan mediası üçün 2025-ci il həm yeni imkanlar, həm də ciddi çağırışlar dövrü kimi xarakterizə oluna bilər. Bir tərəfdən texnoloji alətlər medianın operativliyini və əlçatanlığını artırır, digər tərəfdən isə peşəkarlıq, etibarlılıq və etik standartların qorunması daha çətin, amma daha zəruri hala gəlir. İnformasiya müharibələrinin intensivləşdiyi, dezinformasiyanın siyasi alətə çevrildiyi bir dövrdə milli medianın dayanıqlılığı və strateji mövqelərini möhkəmləndirməsi xüsusi əhəmiyyət daşıyır.

- Milli Mətbuatın 150 illik yubiley medalı və Mətbuat Günü münasibətilə mükafatlandırılan təltifləri necə dəyərləndirirsiniz?

E.M: 150 illik yubiley medalının təsis edilməsi sırf simvolik addım deyil, bu, Azərbaycan jurnalistikasına dövlət səviyyəsində verilən dəyərin göstəricisidir. Milli mətbuatımız çətin dövrlərdən keçib, senzura, təzyiq, müharibə, informasiya blokadası yaşamışıq. Bu yubiley təltifləri həm keçmişə ehtiramdır, həm də mediada çalışanların əməyinə verilən qiymətdir. Əsas odur, bu təltiflər formal xarakter daşımır, real peşəkarlıq, dövlətçilik mövqeyi və ictimai etibar əsasında təqdim olunur.

B.Q: Azərbaycan mətbuatının 150 illik yubileyinin təsis edilməsi və Milli Mətbuat Günü ilə bağlı media nümayəndələrinin təltif edilməsi institusional yaddaşın möhkəmləndirilməsi baxımından da yüksək dəyərləndirilməlidir. 150 illik tarix, əslində, milli düşüncənin, ictimai şüurun və dövlətçilik ideyasının formalaşmasında medianın oynadığı rola verilən siyasi və mənəvi qiymətdir. Təltiflərin özü isə təkcə fərdi jurnalist əməyinin qiymətləndirilməsi deyil, bütövlükdə medianın cəmiyyət üçün strateji əhəmiyyətinin təsdiqi kimi qəbul olunmalıdır.

- Gələn il üçün media sahəsində güzəştlərin saxlanılmasına münasibətiniz necədir?

E.M: Hesab edirəm ki, bu, son dərəcə vacib və strateji qərardır. Media bazar mexanizmləri ilə yanaşı, həm də ictimai institutdur. Xüsusilə müharibədən sonrakı dövrdə, informasiya təhlükəsizliyinin ön plana çıxdığı bir mərhələdə medianı yalnız kommersiya prinsipləri ilə ayaqda saxlamaq mümkün deyil. Büdcə güzəştlərinin qorunması dövlətin medianı tərəfdaş kimi gördüyünün göstəricisidir. Məncə, bu dəstək senzura deyil, məsuliyyət yaradır. Yəni dövlət mediaya yol göstərmir, amma onun yaşaması üçün zəmin yaradır.

B.Q: Büdcədə media üçün nəzərdə tutulan güzəştlərin saxlanılması məsələsinə münasibət praqmatik və strateji yanaşma tələb edir. Media bazar mexanizmləri baxımından özünü tam maliyyələşdirən sahə olsa da, informasiya təhlükəsizliyi və ictimai maraqlar prizmasından baxıldıqda xüsusi dəstəyə ehtiyac duyan sektordur. Vergi və maliyyə güzəştləri medianın iqtisadi asılılığını azaltmaqla onun redaksiya müstəqilliyini gücləndirə bilər. Xüsusilə regional media orqanları üçün bu güzəştlər informasiya bərabərliyinin təmin olunmasında mühüm rol oynayır. Güzəştlərin effektivliyi onların şəffaf mexanizmlərlə tətbiq olunmasından və real keyfiyyət göstəricilərinə bağlanmasından asılıdır. Əks halda, bu dəstək inkişaf stimulu yox, passiv mövcudluğun təminatçısına çevrilə bilər. Düşünürəm, bu istiqamətdə də müvafiq qurumların ciddi səyləri var və artıq nəzərə çarpmaqdadır.

Tahirə Qafarlı

Chosen
32
hafta.az

1Sources