EN

® Mərkəzi Gömrük Hospitalı: 17 il inkişaf və peşəkarlıq yolu ilə

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospitalı 2008-ci il dekabrın 25-də Prezident İlham Əliyevin iştirak etdiyi açılış mərasimindən sonra fəaliyyətə başlayıb və qısa müddət ərzində yüksək səviyyəli tibbi xidmət göstərən nüfuzlu səhiyyə ocağı kimi tanınaraq ölkənin aparıcı tibb müəssisələrindən birinə çevrilib. Hospital ötən 17 il ərzində davamlı inkişaf yolu keçib, peşəkarlıq, etibarlılıq və yüksək tibbi xidmət baxımından ən qabaqcıl səhiyyə müəssiələri sırasında öz mövqeyini təsdiq edib.

Yarandığı ilk gündən hospitalın əsas məqsədi müasir tibbin uğurlarını tətbiq etməklə xəstələrə keyfiyyətli, təhlükəsiz və əlçatan tibbi xidmətlər göstərməkdən ibarət olub. Ötən illər ərzində Mərkəzi Gömrük Hospitalı maddi-texniki bazası və kadr potensialını da gücləndirərək ölkənin qabaqcıl tibb müəssisələrindən biri olub.

Xüsusi qeyd etməyə dəyər ki, 2025-ci ilin fevralında Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və onun peşəkar komandası meyit donordan sirrozundan əziyyət çəkən xəstəyə uğurla qaraciyər köçürüb. Həmin ildə ilk dəfə Mərkəzi Gömrük Hospitalında Azərbaycanda və Cənubi Qafqazda meyit donordan böyrək çatışmazlığından əziyyət çəkən xəstəyə böyrək transplantasiyası əməliyyatı uğurla yerinə yetirilib.

Hospitalda müxtəlif profilli tibbi xidmətlərin fasiləsiz rejimdə fəaliyyət göstərilməsi pasiyent məmnunluğunun təmin olunmasında mühüm rol oynayır.

Yüksək komfort və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Gömrük Hospitalında texniki baxımdan ən mürəkkəb olan və cərrahiyyənin zirvəsi sayılan ürək-damar və orqan transplantasiyası əməliyyatları, uroloji rekonstruktiv əməliyyatlar, canlı donordan orqan transplantasıyası, travmatoloji əməliyyatlar, ağır xəstələrdə ürəkdə aorto-koronar şuntlama və digər açıq ürək əməliyyatları, TAVİ, EVAR kimi invaziv müdaxilələr və digər əməliyyatlar icra olunur, yüksək keyfiyyət standartlarına cavab verən diaqnostika, terapevtik və cərrahi müalicə xidmətləri göstərilir. Həmçinin ən son invaziv kardioloji müdaxilələrin köməyi ilə anadangəlmə ürək qüsuru olan uşaqlar müalicə edilir, TAVI üsulu vasitəsilə açıq ürək əməliyyatları aparılmadan zədələnmiş aorta qapağı bioloji qapaqla əvəzlənir, digər invaziv müdaxilələr yerinə yetirilir.

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə, Orqan Transplantasiyası, Anesteziologiya, Əməliyyatxana və Reanimasiya, Urologiya, Uşaq Cərrahiyyəsi, Travmatologiya və Ortopediya, Ürək-damar Cərrahiyyəsi, Kardiologiya, Efferent Terapiya, Mama-ginekologiya, Radiologiya, Fizioterapiya, Neonatologiya və Pediatriya, Təcili Tibbi Yardım, Poliklinika və digər şöbələrinin yüksəkixtisaslı tibb heyəti fədakarlıqla çalışaraq müraciət edən hər bir xəstəyə fərdi yanaşır, onların sağalaraq əvvəlki həyatına qayıtması üçün ən müasir səviyyədə tibbi xidmət göstərir.

Mərkəzi Gömrük Hospitalının uğurunun əsasını yüksəkixtisaslı həkim heyəti, peşəkar orta tibb işçiləri və məsuliyyətli idarəetmə sistemi təşkil edir. Tibb heyətinin davamlı olaraq yerli və beynəlxalq təlimlərə, konfranslara cəlb olunması hospitalın elmi-praktik potensialının artmasına şərait yaradır. Bu il Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda respublikanın aparıcı ekspertlərinin görüşü, "Xəstəxanadaxili infeksiyaların idarəolunmasında müasir tendensiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin Zirvə görüşü, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və uşaq sağlamlığı: Mövcud problemlərə müasir baxış" mövzusunda Beynəlxalq Elmi Konfrans, “Ortopediya və tibbi reabilitasiyada müasir yanaşmalar” mövzusunda Elmi-praktiki seminar, “Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru” mövzusunda Beynəlxalq Elmi Konfrans, Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Türkiyənin Florence Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti, Azərbaycan Tibb Universiteti, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və digər qurumlar ilə imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində tərəflər arasında tibbin müxtəlif sahələrini əhatə edən beynəlxalq konfrans, konqres, təkmilləşdirmə kursları, müştərək elmi-tədqiqat və davamlı tibbi təhsil tədbirləri, təcrübə proqramları, ustad dərsləri və digər qarşılıqlı tədbirlər keçirilir.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi daim beynəlxalq əməkdaşlıqlara xüsusi əhəmiyyət verir, xarici tibb qurumları və peşəkar assosiasiyalarla əlaqələr quraraq bilik və təcrübə mübadiləsini genişləndirir. Qabaqcıl tibb qurumları ilə əməkdaşlıq nəticəsində tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə nail olunur. 2025-ci ildə Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Arxada qalan 17 il ərzində keçilən yol Mərkəzi Gömrük Hospitalının səhiyyə sahəsində etibarlı, dinamik və innovativ bir qurum kimi formalaşdığını bir daha təsdiqləyir. Qarşıdakı illərdə hospitalın əsas hədəfi müasir tibbin çağırışlarına cavab verən, insan sağlamlığını prioritet hesab edən xidmətlər təqdim etməkdən ibarətdir.

Fəaliyyətə başlamasının 17 illiyi münasibətilə Mərkəzi Gömrük Hospitalınn bütün tibbi heyətini təbrik edir, gələcək fəaliyyətlərində onlara yeni uğurlar arzulayırıq.

Chosen
72
2
azertag.az

3Sources