EN

Rusiya Azərbaycanla təyyarə düşmənçiliyinə hələ də son qoymaq niyyətində deyil


Bakı ötən ilin dekabrında AZAL təyyarəsinin vurulması üzrə təhqiqatın bitməsini gözləyir və kompensasiyaların tezliklə ödəniləcəyinə ümid edir. Bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “lenta.ru” saytına müsahibəsində deyib:

“Ümid edirik, maliyyə kompensasiyalarının ödənməsi və faciəyə görə günahkarların məsuliyyətə cəlbi ilə bağlı bütün məsələlər qısa zaman ərzində, ölkələrimizi bağlayan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqəsi ruhunda həllini tapacaq. Oktyabrın 9-da Düşənbədə verilən bəyanatlar və əldə olunan razılaşmalar bu yöndə vacib addımdır”.

R.Mustafayev hazırda ikitərəfli əlaqələrdə fundamental məsələnin dekabr faciəsi ilə bağlı bütün məsələlərin tezliklə və ədalətlə tənzimlənməsindən ibarət olduğunu bildirib. Səfir Azərbaycan prezidenti İlham Əliyevin Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərlə bağlı fikirlərini xatırladıb: “Bu il onlar demək olar ki, bütün sahələrdə uğurla inkişaf edib. Bəzi yerlərdə daha sürətli, bəzilərində isə daha yavaş, lakin heç bir geriləmə olmadan. Bu gün ikitərəfli münasibətlərdə əsas məsələ "keçən ilin dekabr faciəsi ilə bağlı bütün məsələlərin tez və ədalətli həllidir”. Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer-190”təyyarəsinin Bakı-Qroznı aviareysini yerinə yetirərkən Qazaxıstan ərazisində qəzaya düşməsindən 1 il ötür. Qəzada 38 nəfər həlak olub. 29 nəfərin həyatı isə xilas edilib. Azərbaycan rəsmiləri baş verən qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini açıqlayıblar. Onlar hesab edirlər ki, təyyarəyə Rusiya ərazisində müdaxilə olub və o, Qazaxıstana doğru istiqamət alıb. Bakı Rusiyadan qəzaya görə məsuliyyətinin etirafını, günahkarların cəzalandırılmasını və kompensasiya tələb edib. Bu məsələ iki ölkə arasında müəyyən dövr gərginliklə də müşahidə edilib. Kreml rəhbərliyi hadisə ilə bağlı əvvəlcə üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirməyib. Nəhayət, oktyabrın 9-da ölkə rəhbərlərinin Düşənbədə görüşündə Rusiya prezidenti təyyarənin onların ərazisində vurulmasını etiraf edərək müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vəd verib. Lakin bu vədin verilməsindən də aylar keçsə də, Azərbaycanın gözləntilərinin yerinə yetirilməsi ilə bağlı hər hansı yenilik açıqlanmayıb. Qəza Qazaxıstan ərazisində baş verdiyindən araşdırmanı da bu ölkə aparır. ABŞ və bir çox Qərb ölkələri araşdırmaya köməyə hazır olduqlarını bildirsələr də, buna ehtiyac görülməyib. Qazaxıstan isə hələlik ilkin hesabatı açıqlayıb. Təqribən 11 ay əvvəl, fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib. Hesabatda qeyd edilirdi ki, təyyarə yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Eyni zamanda, təyyarənin uçuşdan əvvəl texniki vəziyyəti yaxşı olub.

Hesabatda qəzanın səbəbi kimi əvvəllər dilə gətirilən “quş sürüsü ilə toqquşma” və “oksigen balonun partlaması” kimi versiyalar da təsdiqini tapmayıb. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ilkin hesabatın açıqlanmasından dərhal sonra bəyan etməsinə görə, artıq təsdiqlənir ki, təyyarə Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Yekun hesabatın isə nə vaxt açıqlanacağı bəlli deyil. Bundan öncə Bakı AZAL təyyarə qəzası ilə bağlı Rusiyaya qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırdığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov Azərbaycan tərəfinin Rusiyaya qarşı məhkəmə iddiası ilə bağlı açıqlamalarına cavab olaraq bildirib: “İstintaq tədbirləri davam edir, məhkəmə prosesi davam edir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın hüququdur və biz rəsmi qərarları gözləyəcəyik”. Bu arada qeyd edək ki, prezident İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-formal sammitinə getmədi. Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir ki, dövlətimizin başçısı iş qrafikinin sıxlığı səbəbindən zirvə görüşünə qatıla bilməyəcək. Bundan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatı yayıldı. Kreml rəsmisi bildirdi ki, Azərbaycan prezidentinin Sankt-Peterburqa gələ bilməməsini Moskvada anlayışla qarşılayırlar: “Həqiqətən də, dövlət başçılarının çox sıx qrafikləri var, xüsusən də dekabr ayında, Yeni il ərəfəsində”. Lakin bundan sonra Rusiya mediası və ictimai rəydə yaradılan ajiotaj müşahidə olundu. Qonşu ölkənin təbliğat kanallarında İlham Əliyevin Sankt-Pederburqa getməməsi Bakının təyyarə qəzası ilə bağlı tələblərini yerinə yetirməyən Moskvaya qarşı demarş kimi qiymətləndirildi. Rusiyanın Milli Antikorrupsiya Komitəsinin sədri Kirill Kabanov bildirib: “Azərbaycan prezidenti Sankt-Peterburqa səfərdən imtina edərək, Rusiya ilə açıq konfrontasiyanı gücləndirmək yolunu seçib”. Bu fonda o, güc strukturlarını Rusiyada fəaliyyət göstərən azərbaycanlılara qarşı hücumları genişləndirməyə çağırıb. Bütün bunlar Rusiyanın təyyarə düşmənçiliyinə hələ də son qoymaq niyyətidə olmadığını göstərir.

Samirə SƏFƏROVA

Chosen
72
50
baki-xeber.com

10Sources