EN

Rusiya imperiyasını genişləndirməyə çalışır, Qərb ölkələri Ukraynanı dirəniş meydanı kimi istifadə edir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Amerikanın analitik mərkəzi "Atlantic Council", Rusiyanın cari imperiya ambisiyalarını və Vladimir Putinin gələcək hədəflərini təhlil edib. Məqaləyə əsasən, Pütinin nəzərdə tutduğu potensial məqsədlər, XIX əsrdəki Rus İmperiyasının sərhədləri ilə bağlıdır. Bu hədəflər sırasına Finlandiya, Polşa, Estoniya, Latviya, Litva, Belarusiya, Moldova, Ermənistan, Gürcüstan, Azərbaycan və Orta Asiya ölkələri daxildir.

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerikanın analitik mərkəzi “Atlantik council” Rusiyanın, eləcə də prezident Putinin imperiya missiyaları ilə bağlı maraqlı bir yazı, təhlil dərc edib: “Buradan başa düşülən odur ki, Putin Rusiyanın XIX əsrdəki ərazilərini yenidən bərpa etmək, yəni dünyanın bir çox ölkələri, hazırda suveren müstəqil olan dövlətləri işğal etmək fikrindədir. Anlaşılan odur ki, ilk hədəf də burada Ukraynadır”.

Əli Mustafa

“Bu gün konkret olaraq Rusiya-Ukrayna müharibəsində milyonlarla insan həyatını itirir. Rusiyanın çox böyük itkiləri var. Müharibə başlayandan bu günə qədər hardasa 41 milyard dollardan çox Rusiyanın vəsait xərclədiyi deyilir. Rusiyanın iqtisadiyyatına, hərbi sənayesinə kifayət qədər ciddi zərbə dəyib. Hətta nüfuzu, xarizması ciddi şəkildə zədələnib. Buna baxmayaraq, müharibə davam edir. Deməli, daha böyük məqsədlər var. Böyük məqsədlər Rusiyanın XIX əsrdəki əraziləridir. Buna da  bir çox Avropa və keçmiş sovet respublikaları daxildir”-deyən politoloq qeyd edib ki, həmin məqalədə konkret olaraq Finlandiyanın, Polşanın, Baltikyanı ölkələrin Belarusun, Güney Qafqaz və Türküstan dövlətlərinin, Moldovanın adı çəkilir.

Politoloqun fikrincə, bu müharibə ona görə davam edir ki, Rusiya Ukraynada nəyin bahasına olur olsun qalib gəlməyə çalışır və Ukraynanın bütün ərazilərini işğal etməyi düşünür: “Bunu edərsə, ondan sonra Ukraynada əldə etdiyi qələbənin gücünü digər ölkələrə hücum üçün xərcləmə ehtimalı kifayət qədər təhlükəli bir gerçəklik kimi bu ölkələri gözləyir”.

Əli Mustafa hesab edir ki, belə bir şəraitdə müharibənin uzanması təsadüfi deyil, çünki Avropa ölkələri və əksəriyyəti bu qənaətdədir ki, Putinin hücumları Ukrayna ilə yekunlaşmayacaq və Ukraynanı işğal etdikdən sonra Avropaya hücum edəcək: “Odur ki, konkret olaraq, Rusiyanın hücumlarını və Ukraynada işğal əməliyyatını dayandırmağa çalışırlar. Dünyanın 50-dən çox dövləti Ukraynaya kömək edir. Bu da təsadüfi deyil. Xüsusən NATO başa düşür ki, Ukrayna məğlub olarsa və yaxud Ukrayna Rusiyanın bu hücumlarına davam gətirməzsə, növbəti savaşı NATO özü birbaşa Rusiya ilə etməli olacaq. Çünki Rusiyanın hədəfində, işğal etmək istədiyi dövlətlərin arasında NATO dövlətləri də var. NATO-nun 5-ci maddəsinə uyğun olaraq əgər Rusiyaya hücum ediləcəksə, o zaman digər dövlətlər də qoşulmalıdır. Bu səbəbdən də Rusiyaya qarşı çox ciddi bir müqavimət formalaşıb. Bu müqavimət, Rusiyanın uğurlar qazanmasını əngəlləyir və irəliləmə sürətini yavaşladır. Təəssüf ki, Rusiyaya qarşı maneələr Putinin imperiya missiyalarını aradan qaldırmır. Sanki Rusiya zaman qazanmağa çalışır”.

Politoloq bildirib ki, xüsusilə Amerika Birləşmiş Ştatlarının hazırda tutduğu mövqe Rusiya üçün çox əlverişli fürsətlər qazandırır: “Trampın hakimiyyətə qayıtması və ABŞ-nin Ukrayna və Avropadan kənarlaşması əslində Rusiyanın planlarının önünü açır. Bir formada ABŞ-nin addımları, sanki Rusiyanın mövqeyini gücləndirir. Bu məlumatlar Amerika kəşfiyyatı tərəfindən də dəstəklənir və Avropanın bir sıra ölkələri də bu qənaətdədirlər. NATO üzvü olan bütün ölkələr də məlumatları təsdiqləyirlər ki, Rusiyanın imperiya missiyaları kifayət qədər böyükdür və buna qarşı dirəniş göstərmək lazımdır. Bu dirənişin də ilk meydanı Ukraynadır. Ukraynada bu gün proseslərin uzanmasının əsas səbəbi də budur”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
72
bizimyol.info

1Sources