Bakı, 26 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
“Azərbaycanın kosmik fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan addımlar ölkənin bu sahədə yeni mərhələyə keçidini nümayiş etdirir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib. Onun sözlərinə görə, müvafiq sazişin qəbul edilməsi Azərbaycanın kosmik fəaliyyət sahəsində beynəlxalq hüquqi müstəvidə mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Ekspert bildirib ki, ölkəmizin “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulması Azərbaycanın beynəlxalq kosmik təhlükəsizliyə, humanitar öhdəliklərə və kosmik fəaliyyətlərdə məsuliyyət prinsipinə sadiqliyini ifadə edir. “Burada söhbət təkcə kosmonavtların xilas edilməsi kimi fövqəladə hallar üzrə əməkdaşlıqdan getmir. Eyni zamanda kosmik obyektlərin idarə edilməsi, geri qaytarılması və dövlətlər arasında koordinasiyanın institusional çərçivəyə salınması da mühüm əhəmiyyət daşıyır. Azərbaycan artıq peyk operatoru kimi qlobal kosmik icmanın aktiv üzvüdür və bu cür sənədlərdə iştirak həm reputasiya, həm də hüquqi sabitlik baxımından vacibdir”, – deyə ekspert qeyd edib.
Elvin Abbasov vurğulayıb ki, saziş gələcək kosmik təşəbbüslər üçün də möhkəm hüquqi baza yaradır. Kosmik texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə peyk qəzaları, orbitdə risklər, axtarış-xilasetmə mexanizmləri və informasiya mübadiləsi kimi məsələlərin aktuallığı artmaqdadır. Bu baxımdan beynəlxalq əməkdaşlıq standartlarının tanınması Azərbaycanın kosmik aktivlərinin qorunmasına, eləcə də tərəfdaş ölkələrlə institusional etimadın güclənməsinə xidmət edir.
Ekspertin fikrincə, uzunmüddətli perspektivdə bu qərar kosmik sənaye, elmi-tədqiqat fəaliyyəti və beynəlxalq texnoloji tərəfdaşlıqlar üçün yeni imkanlar açan mühüm addım kimi qiymətləndirilə bilər.