EN

Müharibə meydanında "Kölgə" dövrü - Yeni canavarı K3 təqdim olundu

I Dünya müharibəsinin palçıq içindəki siperlərində doğulan tank konsepti, bir əsr ərzində nəhəng bir inkişafa uğrayıb. Bu gün isə Cənubi Koreya, K2 "Black Panther" ilə qazandığı qlobal uğuru bir addım irəli apararaq, elmi-fantastik filmlərdən çıxmış kimi görünən yeni nəsil əsas döyüş tankı K3 üzərində işləyir.

HİT.az xəbər verir ki, "Hyundai-Rotem" tərəfindən hazırlanan bu yeni canavar, yalnız xarici görünüşü ilə deyil, sahib olduğu texnoloji imkanlarla da hərbi strategiyaları tamamilə yenidən qurur. 

2025-ci ilin sentyabr ayında Polşada keçirilən müdafiə sərgisində ilk dəfə maket olaraq təqdim olunan K3, əslində bir tankdan çox, hərəkət edən rəqəmsal qala təsiri verir. Cənubi Koreyanın Polşada bu təqdimatı etməsi təsadüfi deyil; çünki Polşa, Koreya tanklarının dünyada bir nömrəli alıcısıdır. "Hyundai-Rotem" dövlətin müdafiə agentlikləri ilə sıx əməkdaşlıq edərək inkişaf etdirdiyi bu layihə, ənənəvi zirehli vasitə anlayışını tərk edib tamamilə rəqəmsal şəbəkə arxitekturası üzərində qurulub.

K3-ü rəqiblərindən fərqləndirən ən vacib xüsusiyyət, sahib olduğu səssiz güc sistemidir. Ənənəvi tankların kilometrlərlə uzaqdan eşidilən mühərrik səsi, K3-də hibrid dizel-elektrik sisteminə çevrilib. Layihənin əsas hədəfi isə bu sistemin tamamilə hidrogen yanacaq hüceyrələri ilə əvəz olunmasıdır. Bu addım yalnız ekoloji cəhətdən deyil, həm də tankı termal və akustik baxımdan demək olar ki, “görünməz” edən strateji bir qərardır. Tankın gövdəsində istifadə olunan radar udan materiallarla birləşən bu səssizlik, K3-ü dünyanın ilk real “Kölgə” tanklarından birinə çevirir.

Hücum gücü baxımından K3, K2 modelindəki 120 mm-lik topun əvəzinə daha güclü 130 mm-lik əsas silaha malikdir. Bu silah yüksək nüfuzetmə qabiliyyəti və inkişaf etmiş çoxfunksiyalı mərmiləri istifadə edə bilməsi ilə seçilir. Tankın içərisində süni intellekt əsaslı atəş idarəetmə sistemləri işləyir, komandirlər isə 360 dərəcəli panoramik virtual reallıq görüntüsü ilə döyüş meydanına nəzarət edir. Bundan əlavə, qülləyə yerləşdirilən 30 mm-lik uzaqdan idarə olunan hava hücumundan müdafiə topu həm düşmən zirehlilərinə, həm də son illərin ən böyük təhlükəsi olan pilotsuz uçuş aparatlarına qarşı qoruma təmin edir.

Hələ inkişaf mərhələsində olan və ən erkən 2040-cı ildə döyüş meydanına çıxması gözlənilən K3, avtonom dron dəstəyi və C4ISR adlanan qabaqcıl şəbəkə rabitə sistemləri ilə təchiz olunacaq. Bu sistem sayəsində tank yalnız öz başına döyüşən bir vahid olmayacaq, həm də sahədəki digər bütün elementlərlə məlumat paylaşan nəhəng bir ağıllı şəbəkənin hissəsinə çevriləcək.

Samir

Chosen
25
hit.az

1Sources