EN

Pərvanə Vəliyeva: "Azərbaycan QHT-ləri artıq yeni müstəvidə fəaliyyət göstərir"

Azərbaycan QHT-ləri artıq yeni müstəvidə fəaliyyət göstərir, bunun üçün olduqca sağlam iqlim və böyük fürsətlər, yeni, əlçatan imkanlar yaradılıb. Dövlətin diqqəti və dəstəyi hər zaman hiss edilir. QHT-lər arasında müvafiq ixtisaslaşma aydın hiss olunur. Xüsusilə, QHT-lərimizin son illərdə artan beynəlxalq fəaliyyətləri təqdirəlayiqdir.

Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, QHT sektoru xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə dəstək olur. Onlar minalar əleyhinə fəaliyyət, əsir və itkin düşmüşlərlə bağlı advokasiya, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi ölkənin milli maraqlarının müdafiəsini həyata keçirməklə yanaşı, qlobal dünyanı narahat edən iqlim dəyişmələri və ətraf mühitin qorunması kimi, o cümlədən yeni müstəmləkəçiliklə mübarizədə fəal “carçı” kimi çıxış edirlər:

"Təsadüfi deyil ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri içərisində BMT yanında Məşvərətçi orqan statusu əldə edən QHT-lərin sayına görə Azərbaycan regionda liderdir. Şərqi Avropa regionunda da Azərbaycan bu statusu alan QHT-lərin sayına görə ön sıradadır. Belə ki, ölkəmizdə 17, Gürcüstan və Ermənistandan müvafiq olaraq 11 QHT “ECOSOC” statusu əldə edib. Nəzərə alsaq ki, 2023-cü ildən bəri Azərbaycandan müraciət etmiş bir neçə QHT hələ də qiymətləndirmə mərhələsindədir, növbəti il bu rəqəm 20-yə yüksələ bilər.

BMT proseslərində fəal iştirak həm ölkəmiz adına müsbət bir haldır, həm də alternativ səs mənbəyi kimi çıxış edən QHT-lərin qlobal qərarların qəbuluna təsir imkanları bununla artmış olur. Ölkəmizdən 5 QHT BMT-in Ətraf Mühit proqramı (UNEP) yanında məşvərətçi orqan statusu almış, daha 5 QHT də BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına müşahidəçi statusundadır. Müşahidəçilər birbaşa sənədlərə rəy vermək hüququ əldə etməklə yanaşı, dövlət rəsmilərinin iştirakı ilə keçirilən qapalı iclaslara da daxil olub, suallar ünvanlaya bilirlər. Beləliklə, qərar qəbulu prosesi inkluziv keçirilir".

Deputat vurğulayıb ki, il ərzində ən uğurlu beynəlxalq fəaliyyətləri icra edən Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik meylləri ilə mübarizəyə yeni bir nəfəs gətirdi, suverenlik üçün mübarizə aparan xalqlara yeni və güclü platforma verdi:

"Bakı qlobal dekolonizasiya mərkəzinə çevrildi. Bu təşkilatın adının BMT Baş Katibi tərəfindən çəkilməsi, BMT-in qlobal hesabatlarında fəaliyyətlərinin əks olunması ölkəmiz adına qürurdur. Təşkilatın bu sahədə apardığı araşdırmaların dünya elminə verdiyi töhfələr onu qlobal beyin mərkəzi kimi də tanıtdı.

Azərbaycanın təşəbbüsü ilə 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyası iqlim diplomatiyası, qlobal ətraf mühitin qorunması hərəkatında QHT-lərin iştirakçılığını, rolunu gücləndirdi, COP-ların keçirilməsində yeni təcrübə formalaşdırdı. QHT-lərimiz bu il həm Almaniyanın Bonn şəhərində keçirilmiş iqlim tədbirləri, həm də COP30 çərçivəsində bir sıra təşəbbüslərlə çıxış ediblər".

Deputat Qlobal Cənub QHT Platformasının təsis olunması barədə çağırışına 120 ölkənin yer aldığı Qoşulmama Hərəkatının regionunun 116 ölkəsinin dəstək veridiyini qeyd edib və əlavə edib ki, bu ölkələrin hər birindən aparıcı QHT-lərin iştirakı ilə 2025-ci il aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu:

"Bu, Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən ilk şəbəkədir. Gələcəkdə hansı ölkənin təmsilçisinin Platformaya rəhbərlik etməsindən asılı olmayaraq, onun mərkəzi qərargahı Bakıda yerləşəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bu Platformanın fəaliyyətinə yüksək qiymət verməsi onun həm ölkəmizdə keçirilən AQEM-in illik konfransı iştirakçılarına müraciətində də öz əksini tapmışdı.

 Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu ilə bağlı “WUF13 QHT Koalisiyası” təsis edib. Xarici QHT-lərdən burada təmsil olunmaq üçün çoxsaylı müraciətlər qəbul olunub. Növbəti il QHT-lər bu yöndə də layihələr icra edəcək.

Xarici siyasətimizin prioritet sahələrindən biri də Türk dövlətləri Təşkilatının gücləndirilməsi, qlobal miqyasda vahid güc mərkəzlərindən birinə çevrilməsidir. Hazırda ölkəmizin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı bir çox sahələri əhatə edir. İndi isə vətəndaş cəmiyyəti seqmenti də bu sahədə əməkdaşlığı gücləndirir".

Deputat əlavə edib ki, Qərbi Azərbaycan, qaçqınların qayıdış hüququ kimi mövzular üzrə bu il 51 QHT layihə icra edib, bu sahədə QHT-lər tərəfindən aparılan araşdırmalar, çəkilən filmlər, hazırlanan reportajlar, materiallar, müxtəlif xarici ölkələrdə təşkil olunan tədbirlər mövzunun həm daxili auditoriyada geniş təbliğinə, həm də beynəlxalq ictimaiyyətin məlumatlılığın artırılmasına töhfələr verib:

"Qərbi Azərbaycan İcması da, bir QHT olaraq, beynəlxalq layihələrlə bu sahədə təbliğatı uğurla davam etdirir. Bu il qanunvericiliyin, o cümlədən, “Qeyri-hökumət təşkilatları haqqında” qanunun da təkmilləşdirilməsi həyata keçirilib. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı yalnız təşkilatların say artımı ilə deyil, həm də qanunvericilik müstəvisində şəffaflıq, məsuliyyət və davamlılıq prinsiplərinin gücləndirilməsi ilə müşayiət olunur. Bu, həm də QHT-lərin etibarlı tərəfdaş kimi fəaliyyət göstərməsi baxımından vacib addımdır.

Milli Məclisin Səhiyyə Komitəsində təmsil olunduğum üçün ölkəmizdə fəaliyyət göstərən səhiyyə QHT-ləri ilə mütəmadi görüşlərimiz olur və sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, səhiyyə QHT-ləri ilə Milli Məclisin üzvləri arasında səmərəli dialoq mövcuddur, onlardan gələn təklif və tövsiyyələr Milli Məclis üzvləri tərəfindən daim qaldırılır və həlli istiqamətində işlər görülür".

Pərvanə Vəliyeva ölkədə fəaliyyət göstərən bütün QHT nümayəndələrini Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə təbrik edib və gələcəkdə onların daha yaradıcı layihələrlə ictimai-siyasi proseslərdə aktiv rol oynayacağına ümid etdiyini bildirib.

Chosen
41
4
qht.az

5Sources