EN

Google-dan Gmail istifadəçilərinə müjdə: Bunu edə biləcəklər

Google uzun illərdir dəyişməz sayılan qaydalarından birini yeniləməyə hazırlaşır. Şirkət Gmail istifadəçilərinə mövcud elektron poçt ünvanlarını dəyişdirməyə imkan verən yeni funksiyanı tətbiq etməyi planlaşdırır. Bu yenilik istifadəçilər üçün rahatlıq yaratsa da, kibertəhlükəsizlik riskləri ilə bağlı narahatlıqları da gündəmə gətirib.

Vətəninfo.az xəbər verir ki, sızdırılan rəsmi Google dəstək sənədlərində istifadəçilərin “gmail.com” uzantılı mövcud ünvanlarını tamamilə yeni adla dəyişə biləcəyi qeyd olunub. Sözügedən sənəd ilk dəfə hind dilində yayımlanan Google dəstək səhifəsində aşkar edilib.

Sənəddə göstərilən detallara əsasən, istifadəçilərə elektron poçt ünvanlarını hər 12 ayda bir olmaqla maksimum üç dəfə dəyişdirməyə icazə veriləcək. Ən diqqətçəkən məqam isə köhnə ünvanların deaktiv edilməməsidir. Belə ki, istifadəçilər həm köhnə, həm də yeni ünvanlarına göndərilən məktubları eyni poçt qutusunda almağa davam edəcəklər. Bu xüsusiyyət xüsusilə ad-soyadını dəyişənlər və ya illər əvvəl seçdikləri ünvanlardan imtina etmək istəyənlər üçün əhəmiyyətli rahatlıq yaradacaq.

Lakin mütəxəssislər yeniliyin təhlükəsizlik riskləri daşıdığı barədə xəbərdarlıq edirlər. Kibertəhlükəsizlik üzrə ekspertlər bildirir ki, bu cür sistem dəyişiklikləri fişinq və fırıldaqçılıq hallarının artmasına səbəb ola bilər. Xüsusilə “elektron poçt ünvanınızı dəyişmək üçün buraya klikləyin” kimi saxta bildirişlərin yayılacağı ehtimal olunur.

Qeyd olunur ki, Gmail ünvanı Google-un bütün xidmətlərinə giriş üçün əsas açar rolunu oynadığından, istifadəçilər yalnız rəsmi Google kanallarından gələn bildirişlərə etibar etməli, şübhəli linklərə daxil olmamalıdırlar. Google-un bu funksiyanı mərhələli şəkildə bütün dünyada istifadəyə verməsi gözlənilir. Təhlükəsizliyini qorumaq istəyən istifadəçilərə rəsmi elanları gözləmək tövsiyə olunur.

Chosen
78
2
veteninfo.az

4Sources