EN

Mərkəzi Afrika Respublikasında seçkilər ərəfəsində silahlı qrupların bazaları məhv edilib

Prezident seçkiləri öncəsi ölkədə sabitliyi pozmağı planlaşdıran yaraqlılara qarşı əməliyyatlar davam etdirilir...

Rusiya muzdlu hərbiçiləri Mərkəzi Afrika Respublikasının (MAR) silahlı qüvvələri ilə birgə prezident seçkiləri ərəfəsində silahlı qruplara məxsus iki bazanı dağıdıb.

Poliqon xəbər verir ki, bu barədə MAR Müdafiə Nazirliyinə istinadla TASS agentliyi məlumat yayıb. Bildirilir ki, ölkədə prezident seçkiləri dekabrın 28-nə təyin olunub və əməliyyatlar məhz seçki kampaniyasını pozmaq cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.

Nazirliyin məlumatına görə, Çad və Sudanla sərhəd bölgələrində aparılan patrul zamanı respublika ərazisinə kənardan daxil olmuş silahlı qrupların bazaları aşkarlanıb. Həmin qrupların əsas məqsədinin seçkilər ərəfəsində vəziyyəti gərginləşdirmək olduğu bildirilib. Əməliyyat nəticəsində silahlılar “dağıdılıb” və geri çəkilməyə məcbur edilib.

Aşkarlanan bazalardan biri Auk yaşayış məntəqəsindən təxminən 50 kilometr cənubda yerləşib və tərkibində 30-a yaxın silahlı olub. Baza üzə çıxarıldıqdan sonra döyüşçülər Çad ərazisinə doğru geri çəkilib. Daha bir baza isə Aukdan 16 kilometr cənub-qərbdə müəyyən edilib və burada təxminən 40 silahlı qrup üzvünün olduğu qeyd olunub.

Bundan əlavə, Cazire yaşayış məntəqəsindən şimal-qərbdə üç nəfərdən ibarət piyada patrul məhv edilib. Tissi qəsəbəsindən 13 kilometr cənub-qərbdə yerləşən ərazidə isə sayı 60 nəfərə çatan silahlı qrup aşkarlanıb. Baş verən toqquşma zamanı döyüşçülərin böyük hissəsi zərərsizləşdirilib, sağ qalanlar isə Çad və Sudan sərhədi istiqamətində geri çəkilib.

MAR Müdafiə Nazirliyində bildirilib ki, əməliyyatlar davam edir, bölgəyə əlavə hərbi bölmələr göndərilib. Eyni zamanda silahlı qrupların fəaliyyəti ilə bağlı məlumatlar Çad silahlı qüvvələrinə də çatdırılıb. Rəsmi Bangi vurğulayır ki, əsas məqsəd seçkilərin təhlükəsiz və sabit şəraitdə keçirilməsini təmin etməkdir.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources