EN

Çinlilər Çin maşınlarından razıdır? - Yüz minlərlə avtomobil... - ARAŞDIRMA

Son illər Azərbaycanda Çin istehsalı avtomobillərlə, xüsusilə elektrik və hibrid modellərlə bağlı narazılıqların artması cəmiyyətdə ciddi suallar doğurur. İstifadəçilər bu avtomobillərin tez xarab olması, batareyanın az məsafə qət etməsi, hətta bəzi hallarda yanma riskləri ilə bağlı şikayətlər səsləndirirlər. Bu vəziyyət təbii olaraq belə bir sual yaradır: Çinlilər öz ölkələrində də bu avtomobillərdən istifadə edirlərsə, onlarda da eyni problemlər yaşanırmı, yoxsa Azərbaycana keyfiyyətsiz modellər gətirildiyi üçün bu narazılıqlar daha qabarıq görünür?

Day.Az xəbər verir ki, xarici mənbələrə əsaslanan araşdırmalar göstərir ki, Çin bazarında da elektrik avtomobilləri ilə bağlı problemlər və narazılıqlar mövcuddur.

Məsələn, Çin bazarında avtomobil keyfiyyətini ölçən nüfuzlu J.D. Power şirkətinin hesabatında qeyd olunur ki, yeni enerji avtomobillərində (EV və hibridlər) ilkin keyfiyyət problemləri son illərdə artıb.

China Daily nəşrinin bu hesabata istinadən yazdığına görə, 2025-ci ildə Çində hər 100 yeni elektrik avtomobilinə orta hesabla 226 problem düşür ki, bu da əvvəlki illərlə müqayisədə daha yüksək göstəricidir. Bu problemlər həm istehsal qüsurları, həm də dizayn və proqram təminatı ilə bağlıdır.

Çində elektrik avtomobillərinin yanması ilə bağlı xəbərlər də mövcuddur. İqtisadiyyat və sənaye ilə bağlı analitik məqalələrdə qeyd olunur ki, ölkədə hər il minlərlə elektrik avtomobili ilə bağlı yanğın və batareya təhlükəsizliyi insidentləri qeydə alınır.

Bəzi Çin iqtisadi portalları və müstəqil araşdırmaçıların bildirdiyinə görə, bu hadisələrin bir qismi ucuz batareya hüceyrələri və zəif termal idarəetmə sistemləri ilə bağlıdır. Yəni problem yalnız xarici bazarlara xas deyil, Çin daxilində də realdır.

Bununla belə, Çin bazarında bu problemlər kütləvi narazılığa çevrilmir. Reuters agentliyinin avtomobil sənayesi ilə bağlı araşdırmalarında vurğulanır ki, Çində avtomobil bazarında dövlət nəzarəti və istehsalçı məsuliyyəti nisbətən sərtdir.

Hər hansı modeldə kütləvi texniki problem aşkar edilərsə, istehsalçı geri çağırma (recall) proqramı həyata keçirməyə məcbur olur. Məsələn, BYD kimi böyük Çin istehsalçıları son illərdə yüz minlərlə avtomobili dizayn və batareya təhlükəsizliyi problemlərinə görə geri çağırıb. Bu isə problemlərin mövcud olduğunu, lakin sistem daxilində idarə edildiyini göstərir.

Bununla yanaşı, Çin istehsalçıları da artan tənqidlər fonunda təhlükəsizlik və keyfiyyət məsələlərinə daha çox diqqət yetirməyə başlayıblar. Reuters-in məlumatına görə, Geely kimi iri istehsalçılar yeni təhlükəsizlik və test mərkəzləri açaraq batareya, qəza və elektron sistemlər üzrə sınaqları gücləndirir. Bu addımlar göstərir ki, Çin avtomobil sənayesi problemləri qəbul edir və onları azaltmağa çalışır, lakin bu proses hələ tam başa çatmayıb.

Nəticə etibarilə, xarici mənbələr göstərir ki, Çinlilər öz ölkələrində də bu avtomobillərlə bağlı müəyyən narazılıqlar yaşayırlar.

Elvin Səxavətoğlu
Day.Az

  • Çinlilər
  • Çinlilər
  • Çinlilər
  • Çinlilər
Chosen
119
day.az

1Sources