EN

“Tərəqqi” medalı ilə təltif olunan Eduard Məmmədov: Dövlətimizin qayğısı bizi daha çox çalışmağa sövq edir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 26 dekabr, AZƏRTAC

“Tərəqqi” medalına layiq görülməyimi böyük məsuliyyət kimi dəyərləndirirəm. Bu mükafat mənim şəxsi fəaliyyətimə verilən qiymət olmaqla yanaşı, eyni zamanda stimuldur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif olunan Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov deyib.

O bildirib ki, dövlət tərəfindən göstərilən diqqət idmançıları daha çox çalışmağa sövq edir: “Belə bir medalla təltif olunmağım təkcə mənim deyil, ümumilikdə Azərbaycan Kikboks Federasiyasının uğurudur. Çünki bu gün idmançılarımızın nüfuzlu turnirlərdə qazandığı nailiyyətlər göz qabağındadır. Uzun illərdir həm idmançı, həm də federasiyada vitse-prezident kimi fəaliyyət göstərirəm və qazandığımız bütün nəticələr sistemli işin, birliyin məhsuludur. Daim çalışırıq ki, uğurlarımızla xalqımızı sevindirək, Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandıraq”.

E. Məmmədov 2025-ci ilin onun üçün məhsuldar alındığını söyləyib: “Ötən ay Əbu-Dabidə keçirilən və iki ildən bir təşkil olunan WAKO versiyası üzrə dünya çempionatında çıxış etdim. Həm “Light Contact”, həm də “Kick Light” kateqoriyalarında qızıl medal qazanaraq dünya çempionu oldum. Bu, WAKO üzrə artıq 10-cu, ümumilikdə isə bütün versiyalar üzrə 30-cu dünya çempionluğumdur”.

Gənclərin sağlam ruhda böyüməsinin vacibliyini vurğulayan kikboksçu əlavə edib: “Hazırda gənc nəsillə işləyirik. İllərdir məqsədimiz gəncləri pis vərdişlərdən uzaq tutmaq, onlara düzgün tərbiyə vermək və vətənpərvər ruhda böyütməkdir. İdman bizim üçün təkcə peşə deyil, həm də missiyadır. Bu medala layiq görülməyim mənim üçün böyük şərəfdir və bundan sonra da Vətənimə ləyaqətlə xidmət etməyə çalışacağam. Dövlətimizin bizə göstərdiyi qayğını heç zaman unutmayacağıq”.

O, daha əvvəl “Vətən uğrunda” ordeni və digər mükafatlarla təltif olunduğunu da xatırladıb, bütün idmançılar adından ölkə rəhbərliyinə təşəkkürünü ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
70
2
azertag.az

3Sources