EN

Cənubi Koreyanın keçmiş prezidenti 10 il həbs cəzası VERİLİB

Ajans.az xəbər verir ki, Yun Sok-yel 2025-ci ilin yanvarında prezident iqamətgahında barrikadalar quraraq müstəntiqlərin onu həbs etməsinə mane olmağa cəhd göstərib. Keçmiş prezidentin, həmçinin hərbi vəziyyət planının müzakirəsi üçün iclasa çağırılmayan doqquz kabinet üzvünün konstitusion hüquqlarını pozduğu bildirilir. Prokurorluq bu mövqeyini Yun Sok-yelin işi üzrə keçirilən son iclasda açıqlayıb. Qeyd olunur ki, bu məhkəmə prosesi 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyətin elan edilməsi ilə bağlı açılan dörd cinayət işindən birincisidir. Hazırda islah müəssisəsində saxlanılan Yun Sok-yel irəli sürülən bütün ittihamları rədd edir. Məhkəmənin yekun hökmünün təxminən yanvarın 16-da elan olunacağı gözlənilir. Xatırladaq ki, 2024-cü ilin dekabr ayının əvvəlində Yun Sok-yel ölkədə fövqəladə vəziyyət elan edərək bunu “Şimali Koreya tərəfdarı olan dövlət əleyhinə qüvvələrin aradan qaldırılması” zərurəti ilə əsaslandırmışdı. O, müxalifət partiyalarını “ölkəni iflic edən hərəkətlərinə son qoymağa” çağırmışdı. Bundan sonra parlament onun impiçmenti lehinə səs vermiş, keçmiş prezident isə yanvar ayında həbs edilmişdi. Mart ayında Yun Sok-yel həbsdən azad edilsə də, prokurorluq onun azadlıqda olarkən sübutları məhv edə biləcəyindən ehtiyat edərək iyul ayında yenidən həbs olunmasına nail olub. Bundan əlavə, 2025-ci ilin noyabrında Cənubi Koreyanın xüsusi prokurorluq qrupu Yun Sok-yelə qarşı səlahiyyətlərindən sui-istifadə və 2024-cü ilin oktyabrında Şimali Koreyaya qarşı həyata keçirilən dron əməliyyatı ilə bağlı “düşmənə kömək etmək” ittihamları irəli sürüb. Prokurorluğun versiyasına görə, keçmiş prezident qisas məqsədilə Şimali Koreya ərazisində gizli dron əməliyyatına göstəriş verib və sonradan bunu hərbi vəziyyət elan etmək üçün əsas kimi istifadə edib.

 

Chosen
46
Ajans.az

1Sources