EN

Gülər Sultanzadə:"Böyük Qayıdış" proqramının humanitar zəfəri



Azərbaycanın müasir dövlətçilik tarixində 24 dekabr tarixi artıq sadəcə bir təqvim günü deyil, milli qürur və böyük quruculuq salnaməsinin mühüm bir səhifəsi kimi xüsusi çəkiyə malikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz doğum gününü işğaldan azad edilmiş torpaqlarda, xalqın içində və dövlətimizin qüdrətini təcəssüm etdirən nəhəng layihələrin açılışında qeyd etməsi artıq sarsılmaz bir dövlətçilik ənənəsinə çevrilib. Bu ənənənin 2025-ci ildəki növbəti ünvanı olan Ağdam şəhəri, bir zamanlar "ruhlar şəhəri" kimi tanınsa da, bu gün Azərbaycanın iqtisadi və siyasi gücünün əyani təsdiqi olaraq müasir arxitektura nümunələri ilə yenidən dirçəlir.


Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz deyib ki, cənab Prezident İlham Əliyev şəhərin yeni simasını xarakterizə edərkən bildirmişdir ki, Azərbaycan dövləti Ağdamı yenidən qurur və təsdiqlənmiş baş plana əsasən bura bölgənin ən müasir, ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bu genişmiqyaslı işlərin tərkib hissəsi kimi 13 hektarlıq ərazidə ucalan 60 bina və 1268 mənzillik yaşayış kompleksinin istifadəyə verilməsi dağılmış evlərin yerində yeni həyatın ucaldılmasının bariz nümunəsidir. Dövlət başçısının Ağdamdakı çıxışında vurğuladığı hər bir məqam keçmişin acı dərsləri ilə gələcəyin parlaq perspektivləri arasında bir körpü rolunu oynayır. Xüsusilə, onilliklər boyu problemi həll etmək deyil, işğalı əbədiləşdirmək üçün fəaliyyət göstərən ATƏT-in Minsk qrupu kimi strukturların iflası və tarixin arxivinə göndərilməsi Azərbaycanın öz taleyini özünün yazdığını dünyaya bir daha bəyan edir.
"Böyük Qayıdış" proqramının humanitar zəfəri kimi qiymətləndirilən bu prosesdə dekabr ayında öz doğma yurduna qovuşan ailələrin sevinci bütün xalqımızın qələbə ruhunun təntənəsidir. Prezident sakinlərlə görüşü zamanı xalqın rifahını hər şeydən üstün tutduğunu qeyd edərək bildirmişdir ki, onun üçün ən böyük hədiyyə məhz vətəndaşların bu yeni mənzillərdəki sevincini görməkdir. Şəhidlərin qanı bahasına geri alınan bu torpaqlarda həyatın əbədi olacağı mesajı milli yaddaşımıza qızıl hərflərlə həkk olunur.
Ağdamın gələcəkdə ölkənin dördüncü böyük sənaye mərkəzinə çevriləcəyinə dair hədəflər göstərir ki, dövlətimiz üçün ərazi bütövlüyünün bərpası həm də bu torpaqların çiçəklənən bir cənnətə çevrilməsi missiyasıdır. Beləliklə, 24 dekabr 2025-ci il tarixi Azərbaycan salnaməsinə həm bir rəhbərin doğum günü, həm də bütöv bir şəhərin yenidən doğuş günü kimi daxil oldu. Xankəndidə ucalan Zəfər tağı və Qarabağın hər qarışında dalğalanan üçrəngli bayrağımız bu sönməz məşəlin rəmzləridir-deyə Gülər Sultanzadə fikrini tamamlayıb..



Chosen
60
aia.az

1Sources