EN

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi



Dürdanə Qaraşova: "Ölkədə şəhərlərin inkişafına və insanların yaşayış şəraitinə verilən önəmin açıq göstəricisidir"

"2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə şəhərlərin inkişafına və insanların yaşayış şəraitinə verilən önəmin açıq göstəricisidir".

Bu fikirləri Newscenter.az-a Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraşova səsləndirib.

O deyib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam, şəhərsalma və memarlığın strateji əhəmiyyətini vurğulayır və bu sahəyə dövlət dəstəyinin davamlı olacağını göstərir:

"Fikrimcə bu qərar şəhərlərin yalnız böyüməsi deyil, eyni zamanda daha planlı, səliqəli və rahat şəkildə qurulmasını üçündür. Çünki şəhərsalma təkcə bina tikmək yox, insanların gündəlik həyatını asanlaşdırmaq, onlara təhlükəsiz və rahat mühit yaratmaq deməkdir".

Dürdanə Qaraşova qeyd edib ki, şəhərsalma dedikdə küçələrin, yolların, binaların və parkların düzgün yerləşdirilməsi nəzərdə tutulur. Memarlıq isə binaların həm gözəl, həm də rahat olması deməkdir:

"Bu ilin elan edilməsi ilə şəhərlərdə səliqəsiz tikintinin qarşısının alınmasına, yeni binaların müəyyən qaydalara uyğun tikilməsinə daha çox diqqət yetiriləcək.
Eyni zamanda tarixi binaların qorunması da əsas məsələlərdən biridir. Keçmişimizi əks etdirən tikililər saxlanılacaq, bərpa ediləcək və gələcək nəsillərə ötürüləcək. Yeni binalar isə müasir üslubda, amma şəhərin ümumi görünüşünə uyğun şəkildə inşa olunacaq.

Regionların inkişafı baxımından isə bu ilin elan edilməsi təkcə paytaxtı deyil, rayon və kəndləri də əhatə edəcək. Bölgələrdə abadlıq işlərinin artması, yaşayış şəraitinin yaxşılaşması bölgələrin də inkişafına səbəb olacaqdır".

O qeyd edib ki, parkların, yaşıllıq sahələrinin, istirahət yerlərinin artırılması uşaqların oynaya bilməsi, ailələrin dincələ bilməsi üçün daha yaxşı şərait yaradacaq. Küçələrin və yolların daha rahat olması nəqliyyatda sıxlığı azaldacaq, insanların vaxtına qənaət edəcək:

"Bu ilin elan edilməsi gənc mütəxəssislər, memarlar, dizaynerlər və mühəndislər üçün də yeni imkanlar yaradacaq. Gənc mütəxəssislərin layihələrdə iştirakı həm yaradıcılığı artıracaq, həm də yeni ideyaların ortaya çıxmasına səbəb olacaq.

Ümumilikdə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhərlərin daha gözəl, daha rahat və daha yaşanıqlı olması üçün atılan vacib bir addımdır. Bu, bu gün yaşayan insanlar üçün rahatlıq, gələcək nəsillər üçün isə daha yaxşı bir şəhər deməkdir".

Süleyman
Chosen
23
newscenter.az

1Sources