EN

Fariz İsmayılzadə: Azərbaycan WUF13 çərçivəsində öz təcrübəsini və uğurlu modelini beynəlxalq ictimaiyyətlə bölüşəcək

Bakı, 26 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin bu sahədə həyata keçirdiyi genişmiqyaslı və strateji əhəmiyyətli islahatların məntiqi davamıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.

Fariz İsmayılzadə qeyd edib ki, dünyanın ən böyük və nüfuzlu platformalarından biri olan, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum 13 – WUF13) 2026-cı ildə Bakıda təşkil olunacaq. Bu amil Azərbaycanın şəhərsalma sahəsində qazandığı beynəlxalq etimadın göstəricisidir.

Deputat vurğulayıb ki, hazırda Azərbaycanda dünya miqyasında diqqət çəkən genişmiqyaslı tikinti və yenidənqurma işləri aparılır. “Yeni şəhərlər və kəndlər salınır, Qarabağ və Şərqi Zəngəzur zonalarında dağıdılmış ərazilər bərpa olunur. Bu proses müasir, innovativ və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları bu yanaşmanın əsasını təşkil edir”, – deyə F.İsmayılzadə vurğulayıb.

Fariz İsmayılzadə bildirib ki, Azərbaycan Dünya Şəhərsalma Forumu çərçivəsində öz təcrübəsini və uğurlu modelini beynəlxalq ictimaiyyətlə bölüşəcək.

“Hazırda qlobal miqyasda şəhərsalma və memarlıq prinsipləri dəyişir, dayanıqlı, ekoloji və enerjiyə qənaət edən urbanistika modelləri ön plana çıxır. Dünya üzrə şəhərlər artıq enerjiyə qənaət sistemi üzrə inşa edilir. Düşünürəm ki, Azərbaycan bu sahədə topladığı təcrübəni nümayiş etdirməklə yanaşı, il ərzində həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərini dünya ictimaiyyətinə təqdim etmək üçün mühüm imkan əldə edəcək”, – deyə deputat əlavə edib.

 

Chosen
34
1
azertag.az

2Sources