EN

Deputat: “QHT-lərə dövlət dəstəyi sosial inteqrasiyanı gücləndirir"  

2025-ci il həyatımızda yadda qalan illərdən biri olub, ölkəmiz üçün bu il “Konstitusiya və suverenlik ili” kimi yadda qalıb.

Bu barədə deputat İlham Məmmədov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, möhtərəm cənab Prezidentimizin siyasətinin, qəhrəmanlığının və ordumuzun düşmənin başını əzərək torpaqlarımızı işğaldan azad etməsinin nəticəsidir. ""Konstitusiya və suverenlik ili” yüksək səviyyədə qeyd olundu və ictimai, siyasi, mədəni həyatın bütün sahələri səfərbər oldu”, – deyə deputat bildirib.

İlham Məmmədov xüsusilə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini yüksək qiymətləndirib. “Yeni siyasi konfiqurasiyaya və regionda yaranmış real vəziyyətə uyğun olaraq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi vacib fəaliyyətlər həyata keçirir. Mən müşahidə edirəm bu gün Azərbaycan QHT-lərin səsi Avropadan, Amerikadan gəlir. Həmin regionlarda Azərbaycanın maraqlarını müdafiə edən müxtəlif layihələrin təqdimatını görürük, həmçinin bizim vətəndaş cəmiyyəti nümayəndələrinin beynəlxalq tribunalarda çıxışını görürük. Bu çox yaxşı haldır. Eyni zamanda həm Türk Dövlətləri QHT Platforması, həm də Qlobal Cənub Platforması kimi vacib platformaların Azərbaycanın təşəbbüsü ilə yaradılması gücümüzə güc qatır. 
Eyni zamanda ölkə daxilində də QHT-lər maraqlı tədbirlər keçirildi. Mən şəxsən bir çoxunda iştirak etmişəm, amma xüsusilə mənə təsir edən tədbir Masallı şəhərində Regional İqtisadi və Hüquqi Maarifləndirmə İctimai Birliyinin “Zülməti dələn işıq” sosial layihəsi oldu. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə həyata keçirilib”
, – deyə o vurğulayıb.

Deputat layihə çərçivəsində “Soyuq Günəş” filminin görmə imkanı məhdud olan insanlar üçün səsli bətimləmə formasında təqdim olunduğunu qeyd edib:

“Görmə qabiliyyəti məhdud olan insanlar filmdə baş verənləri elə görürdülər ki, sanki onu canlı izləyirmiş kimi təcrübə edirdilər. Bu, yalnız sosial layihə deyil, insanların ürəkdən duyaraq görmə imkanına malik olmaları üçün mühüm vasitə idi. Film aktyorlarının peşəkar ifası, səs və işıq effektləri iştirakçılara yeni təcrübə qazandırıb və layihədə iştirak edənlərin yüksək duyğusal vəziyyətdə olduqlarını müşahidə edib".

Deputat hər kəsi filmin səsli bətimləmə versiyasına baxmağa dəvət edib və layihəni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Regional İqtisadi və Hüquqi Maarifləndirmə İctimai Birliyinin birgə nailiyyəti kimi qiymətləndirib:

"Eyni zamanda, bu layihə şəhid ailələri, qazilər və sosial cəhətdən ağır vəziyyətdə olan insanların cəmiyyətə inteqrasiyası üçün aparılan işlərin nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədə həyata keçirdiyi layihələr də insanların cəmiyyətə tam hüquqlu üzv kimi daxil olmasına xidmət edir. Bu layihələr yeni baxış və yanaşma ilə aparılır və hər biri öz sahəsində müqəddəs missiya daşıyır. QHT-lərə dövlət dəstəyi sosial inteqrasiyanı gücləndirir. Mən bu layihələri yüksək qiymətləndirirəm və qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini alqışlayıram."

Chosen
52
4
qht.az

5Sources