EN

Həkimlərlə bağlı yayılan əsassız məlumatlara Rəşad Mahmudovdan REAKSİYA

“Tibb sahəsi emosional manipulyasiyalara və ictimai linç mexanizmlərinə ən həssas sahələrdən biridir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputat tibb sahəsinə münasibətdə əsassız məlumatların yayılmasının qarşısını alan daha aydın və effektiv hüquqi mexanizmlərin formalaşdırılmasını təklif edib:

“Son dövrlər internet resurslarında və sosial şəbəkələrdə əsassız, təsdiqini tapmayan məlumatların konkret tibb müəssisələrinin və həkimlərin adları çəkilməklə yayılması ciddi problemlər yaradır.
 

Bu cür paylaşımlar nə hüquqi araşdırmaya, nə də tibbi ekspertizaya əsaslanır, lakin cəmiyyətə fakt kimi təqdim olunur. Nəticə etibarilə həkimlər peşəkar reputasiya riski ilə üz-üzə qalır, hüquqi təzyiq qorxusu formalaşır və ən təhlükəlisi ağır, riskli və yüksək məsuliyyət tələb edən xəstəliklərdən və tibbi müdaxilələrdən yayınma meyli yaranır. Bu isə artıq təkcə həkimin deyil, birbaşa pasiyentin və bütövlükdə səhiyyə sisteminin ziyanına işləyir. 


Burada səhv və ya təhrif olunmuş informasiya sadəcə imic məsələsi deyil, real klinik qərarlara təsir edən ciddi amildir.

Bu baxımdan hesab edirəm ki, qanunvericilikdə informasiya azadlığı ilə yanaşı, peşəkar fəaliyyətin qorunması, faktların təsdiqi və məsuliyyət balansı da dəqiq şəkildə nəzərə alınmalıdır. Tənqid mümkündür, müzakirə mümkündür, amma ittiham yalnız sübuta əsaslanmalıdır. Təklif edirəm ki, ikinci oxunuşda bu aspekt ayrıca nəzərə alınsın və tibb sahəsinə münasibətdə əsassız məlumatların yayılmasının qarşısını alan daha aydın və effektiv hüquqi mexanizmlər formalaşdırılsın”.

Günay Şahmar, Bizim.Media

Chosen
58
10
bizim.media

10Sources