EN

Ukrayna İsveçlə danışıqlar aparır: Gripen E pilotları yetişdirmək üçün

Kiyev Ukrayna Hərbi Hava Qüvvələri üçün JAS 39 Gripen E qırıcı təyyarələri almaq planlarından əl çəkməyib. Ukraynanın müdafiə naziri Denis Şmıqal bu yaxınlarda isveçli həmkarı Pol Yonssonla danışıqlar aparıb.

Herbiand.az bu barədə Ukrayna mediasına istinadən bildirir.

Məlumata görə, tərəflər İsveçin Ukrayna ordusuna davamlı dəstəyini, o cümlədən yeni hərbi yardım paketi və maliyyələşdirməni müzakirə ediblər. Şmıqal həmçinin, Ukraynanın JAS 39 Gripen E qırıcı təyyarələrini idarə etmək üçün pilotları və texniki heyəti yetişdirməyə başlamaqla bağlı danışıqlar apardığını açıqlayıb. Lakin bu danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib. O, əlavə edib ki, İsveç yaxın gələcəkdə Ukrayna üçün, xüsusən də hava hücumundan müdafiə sahəsində yeni dəstək paketi elan etməyi planlaşdırır.

Xatırladaq ki, bu ilin oktyabr ayında Kiyev və Stokholm Ukrayna Silahlı Qüvvələrinə 150-yə qədər Gripen qırıcı təyyarəsinin tədarükü ilə bağlı memorandum imzalayıblar.

Bəxtiyar CƏFƏRLİ

Chosen
22
herbiand.az

1Sources