“Qərarla razılaşmasaydım belə, nəsə dəyişməyəcəkdi”.

Bunu Offsideplus.az saytına açıqlamasında məşqçi Elmar Baxşıyev deyib.

Mütəxəssis “Araz-Naxçıvan”la yollarının ayrılması ilə bağlı bunları deyib:

“Sadəcə çağırıb dedilər ki, səninlə işləmək istəmirik. Ümumi götürəndə, ‘Araz-Naxçıvan’la uğurlu dönəm keçirdiyimi düşünürəm. Komandanı doqquzuncu yerdən götürüb yuxarı pillələrə apardıq. Müəyyən uğurlara və ilklərə imza atmasında pay sahibi olduq”.

Mütəxəssis komandadakı futbolçularla problem yaşamasına dair yayılan xəbərləri belə şərh edib:

“Siz bunu futbolçulardan soruşun. Onlar bu söhbətlərin yalan olduğunu deyəcəklər”.

Baxşıyev hələ ki, yeni təkliflərin olmadığını deyib.

Qeyd edək ki, “Araz-Naxçıvan” klubu bu gün baş məşqçi ilə yolların ayrıldığını açıqlayıb. Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümündə Misli Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.