EN

Tələbə adı qazanmağın "asan yolu"

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu il keçirilən buraxılış və qəbul imtahanlarında bəzi abituriyentlərin cavabları Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi xüsusi yoxlama alqoritmləri əsasında şübhə doğurduğu üçün genişmiqyaslı araşdırmaya başlanılıb. DİM-in rəsmi məlumatına görə, nəticələr elan edilərkən həmin imtahan iştirakçılarının şəxsi səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” qeydi yerləşdirilib və cavablar müvəqqəti olaraq açıqlanmayıb.

Bu mərhələdən sonra növbəti imtahanlarda buraxılış rejiminə nəzarət gücləndirilib, imtahan binalarının girişində çalışan əməkdaşlara əlavə göstərişlər verilib. Məhz bu nəzarətin nəticəsi olaraq Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli şəkildə informasiya ötürülməsi üçün nəzərdə tutulmuş, yalnız xüsusi icazə ilə istifadəsinə yol verilən texniki vasitələr aşkarlanıb.

Şübhəli nəticələrdən cinayət işinə gedən yol

DİM bildirir ki, 17 iyun 2025-ci il tarixində xüsusi alqoritmlər əsasında nəticələri şübhə doğuran abituriyentlərin, eləcə də üzərlərində texniki vasitələr tapılan şəxslərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Qayda pozuntuları ilə bağlı iyulun 30-da mediaya rəsmi açıqlama verilib. Aparılan ibtidai istintaq zamanı bu saxtakarlıq hallarının təsadüfi olmadığı, öncədən planlaşdırılmış və təşkilatlanmış bir şəbəkə tərəfindən həyata keçirildiyi müəyyən edilib. Hələ noyabrın 6-da Baş Prokurorluğun Mətbuat xidməti buraxılış və qəbul imtahanlarında istifadə üçün qanunsuz texniki vasitələr hazırlayan və satan bir qrup şəxs barəsində cinayət işinin məhkəməyə göndərildiyini açıqlamışdı. Eyni zamanda, oxşar cinayət əməllərində iştirak etmiş digər şəxslərin də məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdirildiyi vurğulanmışdı.

DİM hesab edir ki, bu cür qayda pozuntuları təkcə ayrı-ayrı şəxslərin qanunsuz əməlləri deyil, bütövlükdə imtahan sisteminin etibarlılığına, şəffaflığına və minlərlə abituriyentin ədalətli rəqabət hüququna ciddi zərbə vurur. Məhz bu səbəbdən Dövlət İmtahan Mərkəzi həmin cinayət işində zərərçəkmiş tərəf kimi tanınıb.

İstintaq materiallarına əsasən, bu iş üzrə kömək göstərilməsi planlaşdırılan abituriyentlərin sayı 11 nəfər olub. Həmin şəxslər şahid qismində ifadə verərək əməllərini etiraf ediblər. Araşdırmalar zamanı texniki cihazların yerləşdirilməsi üçün xüsusi ayaqqabı hazırlayan pinəçi də istintaqa cəlb olunub və şahid qismində ifadə verib. Oktyabrın 29-da isə DİM rəsmi olaraq zərərçəkmiş şəxs kimi tanınıb və istintaqa müvafiq məlumatlar təqdim edib.

Bəs, görəsən, Dövlət İmtahan Mərkəzinin bu cür halları vaxtında aşkar etmək imkanları nə dərəcədə yetərlidir? Belə risklərin qarşısını almaq üçün hansı əlavə tədbirlərə ehtiyac var?

Rəqəmsal inkişaf və risklər

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov qeyd edir ki, istənilən inkişaf və rəqəmsal transformasiya özü ilə paralel olaraq risklər də gətirir. Onun sözlərinə görə, həm fiziki, həm də rəqəmsal mühitdə qoruma mexanizmləri mövcud olsa da, heç bir sistem neqativ hallardan tam sığortalanmayıb.

Ekspert bildirir ki, məlumat sızmaları və saxtakarlıq halları ya sistem boşluqlarından, ya da insan faktorundan qaynaqlanır. Rəqəmsal islahatlar bu riskləri yalnız minimuma endirə bilər. Tam aradan qaldırılması isə cəmiyyətin ümumi mədəni səviyyəsi ilə birbaşa bağlıdır. Onun fikrincə, bəzi inkişaf etmiş ölkələrdə sosial rifah və mədəniyyət səviyyəsi neqativ hallara marağı azaldırsa, Azərbaycanda zəhmət çəkmədən qazanmaq istəyənlərin çoxluğu bu cür cinayətlərin sayını artırır: “Yəni, bu məsələ bir qədər də mədəniyyətə söykənir. Nəticə olaraq neqativ halların, kiber cinayətlərin azalması yönündə dövlət qurumlarında istənilən islahat və transformasiya müstəvisi neqativ halları sadəcə minumuma etdirə bilər. Belə halların tam aradan qaldırılması heç bir ölkədə mümkün deyil”.

“Smart” saxtakarlıq və DİM-in cavab mexanizmləri

Təhsil eksperti İlqar Orucov isə vurğulayır ki, rəqəmsallaşmanın sürətlənməsi saxtakarlığın da klassik formadan daha gizli və “smart” üsullara keçməsinə şərait yaradıb. Onun sözlərinə görə, bu gün imtahanlara müdaxilə cəhdləri əsasən texniki vasitələr və rəqəmsal imkanlar üzərindən qurulur.

Ekspert qeyd edir ki, DİM-in bu halları aşkarlamaq üçün kifayət qədər güclü texniki, statistik və institusional imkanları mövcuddur. Cavab vərəqələrinin statistik analizi, eyni səhvlərin təkrarlanması, videomüşahidə sistemləri, şübhəli nəticələrin yenidən yoxlanılması və hətta müsahibə mexanizmlərinə qədər uzanan kompleks nəzarət tədbirləri formalaşdırılmış risk profilləri əsasında həyata keçirilir və effektiv nəticə verir.

Risklər niyə qalır və çıxış yolu nədir?

İlqar Orucov hesab edir ki, risklərin qalmasının əsas səbəbi saxtakarlığın fərdi deyil, təşkilatlanmış xarakter daşımasıdır. Texnologiyalar sürətlə yeniləndikcə saxtakarlar da yeni üsullara əl atırlar. Buna baxmayaraq, ekspert düşünür ki, hüquqi məsuliyyətin gücləndirilməsi, qanunvericiliyin texnoloji inkişafla paralel təkmilləşdirilməsi, təhsil şirkətlərinin fəaliyyətinə ciddi nəzarət və lisenziyalaşdırma mexanizmləri risklərin minimuma endirilməsində həlledici rol oynaya bilər.

Eyni zamanda, hüquqi maarifləndirmənin gücləndirilməsi, abituriyent və valideynlərin riskli təkliflərdən uzaq durması, cəmiyyətin bu cür hallara qarşı daha sərt mövqe nümayiş etdirməsi vacib sayılır. Ekspertin fikrincə, saxtakarlıqla əldə olunan qısamüddətli “uğur”un arxasında uzunmüddətli hüquqi və sosial fəsadlar dayanır: “Cəmiyyət başa düşməlidir ki, saxtakarlıqla qısamüddətli bir “uğur” əldə etmək olar, amma qarşıda uzunmüddətli təhlükə mövcuddur. Bu mənada abituriyentlər və valideynlər mütləq şəkildə diqqətli olmalıdırlar. Son günlər bəzi xoşagəlməz hallar və faktlar eşidirik. Bunlar ümumilikdə cəmiyyət tərəfindən də qınaqla qarşılanır”.

Ekspertlər yekdilliklə vurğulayırlar ki, əgər DİM-in fəaliyyətində ciddi boşluqlar olsaydı, bu cür saxtakarlıq şəbəkələri ifşa edilməzdi. Lakin texnologiyalar inkişaf etdikcə risklərin də dəyişdiyi nəzərə alınmalı və bu sahədə mübarizə fasiləsiz, koordinasiyalı və sistemli şəkildə davam etdirilməlidir.

Chosen
32
hafta.az

1Sources