"Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Xüsusilə mən ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir".
Poliqon xəbər verir ki, bunu dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında deyib.
"Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il biz yeni traslar, yeni xizək zolaqları istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, - indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir,- bütövlükdə o bölgədə minlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb. Təkcə Şahdağ Xizək Mərkəzi bundan faydalanmır, bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib", deyə Prezident bildirib.
Polioqn.info