EN

“İnsan sağlamlığı və rahatlığına xidmət edən, genişmiqyaslı yaşıllaşdırma layihələrinin həyata keçirilməsi prioritet olmalıdır”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyası bir ay ərzində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbirlər planına dair təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir.Müasir memarlığın inkişafı istiqamətində hansı konkret addımlar atılması planlaşdırılır?

Mövzu ilə bağlı Bizimyo.info xəbər portalına tanınmış memar-dizayner Muxtar Vəlizadə bildirib ki, ölkəmizdə infrastruktur və yaşıl enerji layihələrinə böyük önəm verilir: “Bu, çox gözəl bir xəbərdir. Günü-gündən inkişaf edən ölkəmizdə belə bir ilin elan edilməsi həm vətəndaşlar, həm memarlar, həm də inşaatçılar və mühəndislər tərəfindən müsbət qarşılanır. Azərbaycanın ən gözəl guşələrindən biri olan Qarabağda genişmiqyaslı yenidənqurma işləri aparılır. Bakı şəhərində də bu istiqamətdə bir sıra yeni layihələr həyata keçirilir. Eyni zamanda ölkəmizdə infrastruktur və yaşıl enerji layihələrinə böyük önəm verilir. Bütün bunların fonunda düşünürəm ki, 2026-cı il şəhərsalma və memarlıq sahəsində mühüm irəliləyişlərin baş verəcəyi, infrastruktur və ekoloji layihələrin daha da artacağı bir il olacaq.

Müasir memarlığın inkişafı istiqamətində Azərbaycanda artıq bir sıra mühüm addımlar atılıb. Təbii ki, bununla yanaşı, bəzi şəhərlərdə hələ də infrastruktur problemləri, yaşıllaşdırma sahəsində çatışmazlıqlar, parkların və ictimai məkanların yetərsizliyi kimi neqativ hallar qalmaqdadır. Bakı ilə müqayisədə regionlarda bu layihələrin zəif həyata keçirildiyi açıq hiss olunur”.

memar-dizayner Muxtar Vəlizadə

“Bir memar olaraq ümid edirik ki, 2026-cı il – “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu sahədə ciddi irəliləyişlər olacaq. Xüsusilə insan sağlamlığı və rahatlığına xidmət edən, genişmiqyaslı yaşıllaşdırma layihələrinin həyata keçirilməsi prioritet olmalıdır.

Azərbaycanda müasir memarlığın inkişafına nümunə olaraq “Alov Qüllələri”, “Crescent Mall”, “Sea Breeze”, “Port Baku” kimi layihələri göstərmək olar. Bundan əlavə, az miqyaslı olsa da, memarlıq baxımından diqqət çəkən çoxsaylı layihələr də mövcuddur.

Düşünürəm ki, 2026-cı ildən başlayaraq belə layihələrin sayı artacaq və Azərbaycan regionda müasir memarlıq nümunəsi kimi tanınacaq. Bu da gələcəkdə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə şərait yaradacaq”-deyə tanınmış memar-dizayner Muxtar Vəlizadə qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
bizimyol.info

1Sources