“AZAL-ın təyyarəsinin vurulmasından sonra Rusiya ilə münasibətlərdə ümumi gərginlik yaşandı. Amma Tacıkistanın paytaxtı Düşənbədə üzürxahlıq edilməsindən sonra əlaqələrdə əhəmiyyətli addım atıldı”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, başa çatan il ərzində Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri inkişaf edib.
C.Bayramov deyib ki, 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilmiş xarici siyasət çox zəngin olub:
"Azərbaycan beynəlxalq müstəvidə mövqeyini gücləndirib, diplomatik təmsilçiliyini genişləndirib. 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub. Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq, vasitəçilik səyləri ölkənin nüfuzunun daha da güclənməsinə töhfə verib".
Nazir vurğulayıb ki, Azərbaycan Yaxın Şərqdə diplomatik təmasları davam etdirir:
“ABŞ və Misir liderlərinin Azərbaycan Prezidentini Şarm əl-Şeyxdə keçirilən sammitə dəvət olunması ölkəmizin sülh təcrübəsinə böyük etimadın göstəricisidir”.
Ceyhun Bayramovun sözlərinə görə, il ərzində Azərbaycan 41 ölkə ilə müxtəlif sənədlər imzalayıb.
Nazir onu da bildirib ki, 2025-ci ildə bir sıra ölkələrdə Azərbaycanın səfirlikləri açılıb: “Suriyada 13 ildən sonra səfirliyimiz fəaliyyəti bərpa edilib. Bu işlər xaricdəki diplomatik nümayəndəliklərimizin genişləndirilməsi işləri çərçivəsində baş verib”.
İlhamə Qasımlı
Telegram kanalımız