EN

Çingiz Abdullayevin danışığna lağ edənlər

Elnur Məmmədlinin “Komedixana” haqqında yazısını oxudum. Elnur müəllim yazısında həm haqlıdır, həm də haqsız. Yazıda haqlı tərəf də var, haqsız tərəf də. Niyəsini bacardığım qədər izah edəcəm.

Əvvəlcə, onu ərz edim ki, “Komedixana”nın fəaliyyətindən, belə bir dəstənin mövcud olmasından lap yaxınlarda, hardasa 3-4 ay əvvəl təsadüfən xəbər tutmuşam. Onların səhnələrinə baxış sayının çox olması məndə böyük maraq hissi yaratdı. Həqiqətən, xeyli təəccübləndim. Görəsən, kimlər bu səhnələrə baxır? Kimdir bu adamlar?

“Komedixana”ya baxan adamları zövqsüzlükdə qətiyyən ittiham etmirəm, baxanların zövqünü, səhnələrin, yumorun keyfiyyətini həmin an qoymuşdum bir kənara, məhz baxanların kimlərdən ibarət olması, hansı təbəqələrə mənsub olmaları mənə çox maraqlı idi. Şərhləri oxumağa başladım və belə bir qənaətə gəldim ki, Yutubda (başqa platformalardan xəbərim yoxdur) “Komedixana”ya baxanların çoxu postsovet ölkələrində yaşayan azerilərdir. “Komedixana”ya Yutubda baxanlar arasında xüsusən Rusiyada yaşayan azerilər çoxluq təşkil edir.

Burdan həm də o nəticəni çıxarmaq olar ki, Rusiyada yaşayan azerilər dönərçilərin işğalına tam məruz qalmayıblar. Rusiyada yaşamaq onları dönərçilərin işğalından tamamilə olmasa da, bir az xilas edib. Onlarda bir az azərbaycançılıq damarı, qanı qalıb. Eyni sözləri rus sektorunda oxuyan uşaqlar haqqında da demək olar. Müşahidələrimə söykənərək tam əminliklə deyə bilərəm ki, rus sektorunda oxuyan uşaqlar bütün günü türk seriallarına, türk kanallarına baxan uşaqlardan daha çox azərbaycanlıdırlar. Rus sektorunda oxuyan uşaqlar dönərçilərin işğalına daha az məruz qalırlar.

Çox qəribə bir mənzərə yaranıb. İndi rusdillilər bütün günü türk seriallarına, türk kanallarına baxanlardan, Akopun yaratdığı süni dildə kitab oxuyanlardan, Akopun yaratdığı süni dildə filmlərə baxanlardan daha çox azərbaycanlı olublar. Rusdillilərdə azərbaycançılıq damarından nələrsə qalıb. Bütün günü türk seriallarına baxanlar, Akopun yaratdığı süni dildə kitab oxuyanlar, Akopun yaratdığı süni dildə filmlərə baxanlar isə tamamilə dönərçilərin işğalı altına düşüblər. Ən maraqlısı odur ki, onlar dönərçilərin işğalı altına sevinə-sevinə, fəxr edə-edə, dönərçilərə yalmana-yalmana, xülaseyi-kəlam, səmimi-qəlbdən, ürəkdən düşüblər.

Gör həyat nələr edir! Cəmisi iyirmi il əvvəl kimin ağlına gələ bilərdi ki, rus sektorunda oxuyan uşaqlar, rusdillilər daha çox azərbaycanlı olacaqlar. Heç kimin. Hətta təxəyyülü aşıb-daşan, təxəyyülü sərhəd tanımayan adamlar belə bu cürə əcaib bir vəziyyətin yaranacağını təxmin edə bilməzdilər. On il əvvəl kimin ağlına gələ bilərdi ki, Çingiz Abdullayev onun danışığına gülən adamlardan Azərbaycan dilində daha yaxşı danışacaq. Çingiz Abdullayevin danışığına gülən, lağ edən adamların xəbəri yoxdur ki, Çingiz Abdullayev Azərbaycan dilində artıq onlardan daha yaxşı danışır.

Məsələn, bir neçə ay əvvəl bir şəxs guya öz aləmində Çingiz Abdullayevin Azərbaycan dilində danışmağını lağa qoymuşdu. Həmin şəxsin xəbəri yoxdur ki, lağa qoyduğu Çingiz Abdullayev Azərbaycan dilində ondan daha yaxşı danışır. Bəs bu çevrilmə, bu yerdəyişmə necə baş verdi? Çingiz Abdullayev dizini qatlayıb Azərbaycan dilində danışmağı öyrəndi? Yəqin, öyrənib. Buna şübhə etmirəm. Bu aydın hiss olunur. Amma əsl səbəb başqadır. Dönərçilərin işğalı o həddə çatıb ki, Çingiz Abdullayevin Azərbaycan dilində danışmağı ona gülən, lağ edən adamların moltanı dilində danışmaqlarının fonunda indi daha səlis, daha təmiz görünür. Dönərçilərin işğalı o həddə çatıb ki, Çingiz Abdullayev onun danışığına lağ edən adamların üzərində parlaq qələbə qazandı. İndi üzərində parlaq qələbə çaldığı adamlara gülməyə Çingiz Abdullayevin tam haqqı çatır…

Elnur müəllim yazır: “Oradakı aktyorların istedadı haqda heç bir şey deyə bilmərəm, amma ssenari, təqdim olunan mövzuların böyük əksəriyyəti rəzalətdir. Sanki normal mövzu tapa bilmirlər. Ya da elə düşüncələri, təxəyyülləri bundan ibarətdir… Məsələnin digər tərəfi də odur ki, bu şit, rəzil mövzulara insanlar baxır, qəhqəhə çəkir, gözləri yaşarana kimi uğunub gedirlər. Nolub? Bu iyrənc mövzulara necə gülə bilirsiniz?”.

Mən “Komedixana” ya qarşı belə sərt münasibətin, baltanı kökündən vurmağın tərəfdarı deyiləm. Orda həqiqətən də istedadlı adamlar var və sağ olsunlar ki, meydanı boş qoymurlar. Əgər yüz minlərlə adam Akopun yaratdığı süni dildə danışan türklərə deyil, Azərbaycan dilində danışan adamlara baxırsa, bunun nəyi, harası pisdir? Məsələyə bu tərəfdən də yanaşmaq lazımdır. Mən məhz buna görə “sağ olsunlar ki, meydanı boş qoymurlar” sözlərini yazdım.

Mövzu darlığının əsas səbəbi isə azadlığın olmamasıdır. Heç kimə sirr deyil ki, ölkədə azadlıq yoxdur. Azadlığın olmaması bütün sahələrə öz mənfi təsirini göstərir. Elnur müəllim illərin jurnalistidir, saçını jurnalistikada ağardıb. Jurnalistikaya təxminən eyni vaxta gəlmişik. Dəqiq bilirəm ki, o rəhbəri olduğu saytda çox şeylərdən yaza bilər, çox mövzulara toxuna bilər, yazmaq istəyir, toxunmaq istəyir, yazmaq üçün ürəyi gedir, amma yaza bilmir, toxuna bilmir, vəziyyət buna imkan vermir.

“Komedixana” da çox şeyləri səhnələşdirib göstərə bilər və yəqin ki, göstərmək istəyir, amma göstərə bilmir, azadlığın olmaması, mövcud vəziyyət buna imkan vermir. Elnur müəllim yazmaq istəyib yaza bilmədiyi kimi “Komedixana” da göstərmək istəyib göstərə bilmir. Azadlıq yoxdursa, sosial problemlərə toxuna bilmirsənsə, bəs yerdə nə qalır? Gəlin-qaynana, ər-arvad münasibətləri, toyxana estetikası, ləhcəylə danışmaq, müğənniləri yamsılamaq… Həm Elnur müəllim, həm də “Komedixana” azadlığın olmamasından əziyyət çəkir. Həm Elnur müəllim, həm də “Komedixana” bir qayıqda üzürlər.

Tənqidə qalsa, “Komedixana” da Elnur müəllimin rəhbərlik etdiyi saytı tənqid edə bilər. Məsələn, deyə bilərlər ki, bizi tənqid edirsən, bəs sən özün niyə filan, filan mövzularda yazılar yazmırsan. Deyə bilərlər? Bilərlər. Bəs birdən “Komedixana” durub sənə sual versə ki, Elnur müəllim, niyə filan, filan mövzulara toxunmursan, sən bu suala necə cavab verəcəksən? Hansı real səbəbləri dilə gətirəcəksən. Ümumiyyətlə, real səbəbləri dilə gətirə biləcəksənmi? Mövcud vəziyyət heç real səbəbləri dilə gətirməyə də imkan verməyəcək. Real səbəbləri kənara qoyub tamamilə əsassız, uydurma səbəblər dilə gətirəcəksən. Başqalarını mövzu darlığına görə tənqid edən zaman rəhbəri olduğun saytdakı xəbərlərin və yazıların bozluğuna da bir göz gəzdirsən, pis olmaz.

Əgər şit mövzulara, onun öz təbirincə desək, rəzil, iyrənc səhnələrə insanların baxması, gülməsi, həqiqətən, Elnur müəllimi dərindən narahat edirsə, “Komedixana”nı və “Komedixana”ya baxanları tənqid etdiyi kimi onda zəhmət çəkib türk kanallarındakı eyni məzmunlu səhnələri və o səhnələrə baxan, gülən azeriləri də elə eyni tərzdə, çox sərt şəkildə tənqid etsin. Belə başa düşürəm ki, Elnur müəllimin dünyasında türklərə qurşaqdan aşağı, şit, iyrənc, rəzil zarafatlar etmək olar, amma bizimkilərə olmaz. İcazə verin soruşum, niyə? Türklərin şit, iyrənc, rəzil zarafatlarına gülmək olar, amma bizimkilərin şit, iyrənc, rəzil zarafatlarına gülmək olmaz. Xeyir ola? Bu ikili standartlar hardan qaynaqlanır? Pisdirsə, hər ikisi pisdir. Türklərə olar, amma bizimkilərə qətiyyən olmaz düşüncəsi, çox güman, əyalət sindromunun, natamamlıq kompleksinin nəticəsidir. “Komedixana” heç olmasa şit zarafatlarını Azərbaycan dilində edir. Səhnədə Azərbaycan dilində danışırlar. Yüzminlərlə də insan buna baxır. Sən nə istəyirsən, Elnur müəllim? İstəyirsən ki, bütün ölkə oturub ancaq türklərin şit zarafatlarına baxsın? Belə olsa, ürəyin rahat olacaq? Türk seriallarında aktyorlar, aktrisalar bütün gün bir-birlərin sümürürlər (əslində, burda başqa sözdən istifadə etməli idim), yerli serialda bir aktrisa bir aktyora gözünün qırağı ilə baxan kimi bir qoşun adam ayağa qalxıb “əxlaq, abır-həya əldən getdi” janrında bəyanatlar verirlər, özlərini ülgüclə doğrayırlar. Abır-həyanın əldən getməsi səni həqiqətən narahat edirsə, bəs türk seriallarına niyə baxırsan? Bəs bütün ölkənin gecə-gündüz türk seriallarına baxmağına necə dözürsən?

Elnur müəllim, sən “Komedixana”nı tənqid etmək əvəzinə rəhbərlik etdiyin saytda gedən xəbərlərin sərlövhələrinə bir bax! “Yaşandı”, “yaşanır”, “yaşatdı” kimi parazit sözlər saytı bürüyüb. Həmkar kimi bir neçə dəfə bu barədə sənə öz iradlarımı bildirmişəm. Saytın dilini bir az qaydaya sal. Türkiyəyə aid mənasız və məzmunsuz xəbərlər saytda at oynadır. Türkiyəyə aid o mənasız xəbərləri sayta niyə doldurursan? Sən Bursalısan, yoxsa Ərzurumlu? Bəlkə, Sivaslısan?

Amma mövzuya geniş baxanda, əlbəttə ki, Elnur müəllimlə razılaşmamaq qeyri-mümkündür. Səhnədə səs-küy, qışqırıq tüğyan edir. Azərbaycan aktyorlarının, ümumiyyətlə, sənət adamlarının faciəsi ondan ibarətdir ki, kitab oxumurlar. İntellektual səviyyələri çox aşağıdır. Aktyorların əksəriyyəti ildə bir kitab oxumur. Ayda yox ha, ildə. Aktyorların əksəriyyəti kinoda, teatrda sözünü demiş, məktəb yaratmış rejissorların həyat və yaradıclığından xəbərsizdir. Zarafat etmirəm, tamamilə ciddi deyirəm. Şəxsən mən özüm buna dəfələrlə şahid olmuşam. Azərbaycanda Meyerxoldu, Bertolt Brexti tanımayan bir yox, iki yox, üç yox, dörd yox, onlarla aktyor var. Aktyordur, di gəl Meyerxoldu, Brexti tanımır. Bu necə olur? Bu necə baş verir? İnsan necə bu dərəcədə qeyri-ciddi ola bilər? Bu təxminən ona bənzəyir ki, futbol şərhçisisən, amma Lobonovskini, Van Basseni, Kumanı, Qulliti, nə bilim Peleni (Peledən zəhləm gedir, nəsə lap uşaqlıqdan ona qanım qaynamayıb), Maradonanı, Lev Yaşini tanımırsan.

Problem təkcə aktyorlarda deyil. Mövzu aktyorlardır deyə onların üzərinə daha çox kökləndim. Kitab oxumamaq ümumi, dərin problemdir. Müəllim kitab oxumur. Həkim kitab oxumur. Mühəndis, rejissor, siyasətçi kitab oxumur. Aparıcılar, jurnalistlər kitab oxumur. Ən nəhayət, yazıçılar kitab oxumur. Roman yazır, hekayə yazır, amma dünya ədəbiyyatının, Azərbaycan ədəbiyyatının ən üzdə olan əsərlərini oxumayıb. Azərbaycanda İsi Məlikzadəni, Mehdi Hüseyni, Bayram Bayramovu, Mirzə İbrahimovu oxumayıb, amma roman, hekayə yazan onlarla yazıçı (əslində, çızmaqaraçı) var. Bu qeyri-ciddilik adamı dəhşətə gətirir.

Kitab oxumamaq güldürənlərin və gülənlərin zövqünə öz mənfi təsirini göstərir.

Güldürənin də səviyyəsi aşağı olur, gülənin də. Güldürən də zövqsüzlükdən əziyyət çəkir, gülən də. Gülüşün intellektual yükü, məzmunu yoxdursa, o gülüş olmur, xalis təlxəklik olur. Sadəcə və sadəcə biri səhnədə təlxəkliyi bir az daha yaxşı bacarır, o birisi daha pis. Fərq yalnız bunda ola bilər.

Seymur BAYCAN


Telegram kanalımız
Chosen
14
yenisabah.az

1Sources