EN

Yeni qalereyanın ilk sərgisi belə adlanır “Nəsildən nəsilə”

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 dekabr, AZƏRTAC

Bakının sürətlə inkişaf edən Ağ şəhər ərazisində D’ART Gallery adlı yeni incəsənət məkanının təqdimat mərasimi və “Nəsildən-nəsilə” adlı ilk sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, D’ART Gallery sənət, mədəniyyət və yaradıcılıq dialoqu üçün yeni bir məkandır. Qalereya Azərbaycanın tarixi sənət nümunələri ilə müasir incəsənəti bir araya gətirərək sənətsevərlərə zaman, üslub və bədii baxışlar arasında unikal səyahət təqdim edir. Eyni zamanda rəssamların dəstəklənməsini, kolleksionerlərin cəlb olunmasını və Azərbaycan sənətinin beynəlxalq auditoriyaya təqdim olunmasını əsas məqsəd kimi qarşısına qoyur.

Sərginin fəxri qonağı Xalq rəssamı, görkəmli heykəltaraş Ömər Eldarov çıxışında qeyd edib ki, Bakıda yeni qalereyanın açılması əhəmiyyətli mədəni hadisədir: “Mən çox şadam. Bilirsiniz, aktyor üçün teatr açılması nə qədər vacibdirsə, biz rəssamlar üçün də yeni qalereya bir o qədər əhəmiyyətlidir. Əminəm ki, D’ART Gallery bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirəcək”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, qalereyanın həmtəsisçisi Dilarə Müzəffərli mərkəzin üzvüdür, onun ideya müəllifi və rəhbəri olduğu tolerantlıq və multikulturalizm mövzusuna dair sıra sərgilər həyata keçirmişik. “Sənət həmişə öz dövrünün carçısı olub. Hər rəssam öz növbəsində gələcəyə bir mesaj ötürüb. Bu sərginin “Nəsildən-nəslə” adlanması çox simvolikdir, müxtəlif dövrlərə aid əsərlər bir məkanda zamansızlaşır”, – deyə o əlavə edib.

Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Xalq rəssamı, professor Fuad Salayev bildirib ki, qalereya həm memarlıq quruluşuna, həm də ekspozisiyasına görə təqdirəlayiqdir: “Yeni zamanda yaşayırıq, yeni qalereyaların açılması Azərbaycan mədəniyyəti üçün çox vacib bir haldır. Qalereyanın gələcək fəaliyyətində uğurlar arzu edirəm”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rektorunun müşaviri professor Validə Məmmədova da sərginin mövzusunun çox önəmli və simvolik olduğunu vurğulayıb.

Xalq rəssamı Arif Hüseynov sərginin ekspozisiyasına daxil olan əsərlərin sənətşünaslıq nöqteyi-nəzərindən yüksək professionallıqla seçildiyini qeyd edib.

Azərbaycan incəsənətinin zəngin irsini və müasir ifadələrini bir araya gətirən bir platforma yaratmaq arzusu ilə yola çıxdıqlarını bildirən qalereyanın həmtəsisçisi və direktoru, sənətşünas Dilarə Müzəffərli vurğulayıb ki, “Nəsildən-nəslə” sərgisi bu arzunun ilk konkret ifadəsidir: “Burada XX- XXI əsrlərin görkəmli sənətkarlarından XXI əsrin müasir istedadlarına qədər geniş bir spektr nümayiş olunur. Sərgi vasitəsilə izləyicilər yalnız rəng və formaların harmoniyasını deyil, həm də nəsillər arasındakı dialoqu, keçmiş və bugünün incəsənət dili ilə necə birləşdiyini görə bilirlər”.

Qalereyanın həmtəsisçisi Nicat Pənahlı tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək deyib: “Arzum budur ki, insanlarımız bir-birinə hədiyyə olaraq rəsm əsərləri verərək sənət adamlarına dəstək və həmrəyliklərini bu addımlarla da ifadə etsinlər”.

Sonra qonaqlar qalereyanın dizayn layihəsinin müəllifi memar-dizayner Ruslan Solnaryovun hazırladığı videoçarxı izləyib və sərgi ilə yaxından tanış olublar.

Qalereyanın “Nəsildən-nəsilə” adlanan ilk açılış sərgisində Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, orta və gənc nəsil rəngkar, qrafik və heykəltəraşların 50-ə yaxın əsərləri sərgilənir. Bu sərgi Azərbaycan təsviri sənətinin keçmişi ilə bugünü arasında körpü yaradır. Təqdim olunan əsərlər eyni zamanda satışdadır.

Sərgi 2026-cı il yanvarın 18-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
azertag.az

1Sources