
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin 2026-ci ildə də birgə hərbi təlimləri keçirilə bilər.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, TDT daxilində ən müxtəlif sahələrdə yeni əməkdaşlıq layihələri icra olunur:
"Təşkilata üzv ölkələr arasında 35-ə yaxın əməkdaşlıq istiqaməti mövcuddur. TDT daxilində müdafiə sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Bu çərçivədə türk dövlətləri arsında sıx qrafikdə birgə təlimlər keçirilib. Belə təlimlərin Azərbaycanda da keçirilməsi bütün tərəflərin maraqlarına cavab verəcək.
Eyni zamanda, TDT-də müşahidəçi statusda təmsil olunan ölkələrin hərbçiləri də bu təlimlərə dəvət oluna bilər. Bu, sülhə xidmət edən təşəbbüsdür. Yəni narahatlığa ehtiyac yoxdur və biz bunu təşviq edəcəyik. 2026-ci ildə də belə təlimlərin keçiriləcəyinə inanırıq".