
Rusiya və ABŞ administrasiyalarının nümayəndələri arasında Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə əlaqə qurulub.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-a səfərinin nəticələri barədə Putinə məruzə edib və təqdim olunan məlumatlar artıq Kreml tərəfindən təhlil olunub. Məhz bu səfərin yekunlarından sonra Rusiya və ABŞ rəhbərliyi arasında təmaslar baş tutub.
Diplomatik əlaqələr çərçivəsində ABŞ-la telefon danışıqlarında Rusiya tərəfini prezidentin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov təmsil edib. Tərəflər Dmitriyevin Mayamiyə səfərindən sonra dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. (Musavat.com)
Kremlin mətbuat katibi təsdiqləyib ki, Ukraynadakı münaqişənin nizamlanması mövzusu Putinin Rusiya biznes dairələrinin nümayəndələri ilə keçirdiyi görüşdə də müzakirə edilib. Bununla yanaşı, Peskov Ukraynanın Qərbdən maliyyə vəsaiti əldə etmək məqsədilə müxtəlif üsullara əl atdığını bildirib. Bu açıqlama Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyakın ölkədə seçkilərin keçirilməsi üçün vəsaitin olmadığını deməsinə münasibət kimi səsləndirilib.
Peskov Asiya-Sakit okean regionunda hərbi xərclərin artırılması məsələsinə də toxunaraq qeyd edib ki, bu cür addımlar eskalasiyaya yol açmamalı və ehtiyatla atılmalıdır. Bu kontekstdə Yaponiyanın hərbi büdcəni artırmaq planları xatırladılıb.
Bundan əlavə, bildirilib ki, Vladimir Putin yaxın vaxtlarda dövlət silahlanma proqramı ilə bağlı müşavirə keçirəcək.