Bakıda avtobuslarının bir hissəsində yavaş-yavaş NFC ödəniş sistemləri, "Apple Pay" və "Google Pay" tətbiq olunmağa başlayır.
Bu isə ictimaiyyətdə sual doğurur: bəs "BakıKart" tamamilə ləğv ediləcəkmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, bu yeniliklərdən sonra get-gedə "BakıKart"a olan ehtiyac azalacaq:
.jpg)
"Amma deməzdim ki, bu, tam ləğvinə gətirib çıxarar. Çünki yaşlı nəslin nümayəndələri hələ də kartdan istifadə edəcək. Çoxu telefonun düzgün istifadə qaydasını bilmir və başqa kartlardan istifadə etmir. Yəni, bildiyimiz kimi, yaşlı nəsil üçün ən normal üsul elə budur ki, "BakıKart"dan ödəniş etsin, metroya və ya avtobusa keçsin. Ancaq gənclərin böyük əksəriyyəti demək olar ki, telefondan istifadə edir. Onlar üstündə əlavə kart gəzdirmək belə istəmir. Bu, öz təsirini göstərəcək. Bəlkə də gələcəkdə bu, kartların ləğvinə gətirib çıxarda bilər, amma bugünkü gün, hələ yaxın gələcəkdə belə bir hal görünmür. Çünki istifadə hələ davamlı olacaq və hər birindən istifadə mümkün olacaq. Bu çox yaxşı oldu ki, məsələn, yollarda kiminsə kartı yox idi və kimsə deyirdi ki, 60 qəpik verim, məni keçir, indi artıq bu cür hallar azalacaq. Hamının əlində telefon, hər hansı bir kart var. Yəni, get-gedə yüngülləşmə, daha rahatlaşma müşahidə olunur və bu, ictimai nəqliyyatdan istifadəni asanlaşdırır. Çünki kartlarla hər yerdə ödəniş etmək mümkün deyildi, aparat gah işləyirdi, gah işləmirdi. Yəni bu problemlər texnologiya inkişaf etdikcə aradan qalxacaq. Bu, çox yaxşı haldır".
Nuriyyə NATİQQIZI