EN

Bu üç ölkənin gücü Türkiyəyə çatmaz” – analitikdən SƏRT MESAJ

Şərqi Aralıq dənizində artan geosiyasi fəallıq və hərbi-siyasi ittifaqlar regionda yeni güc balansı müzakirələrini gündəmə gətirib. Xüsusilə İsrail, Yunanıstan və Kipr arasında intensivləşən təmaslar Türkiyəyə yönəlik mümkün strateji hesablamalar kontekstində diqqətlə izlənilir.

Məsələ ilə bağlı beynəlxalq məsələlər üzrə siyasi analitik Cavanşir Abbaslı Editor.az-a açıqlamasında sözügedən əməkdaşlığın mahiyyətini və mümkün nəticələrini dəyərləndirib.

Analitik bildirib ki, İsrail, Yunanıstan və Kipr son dövrlər Türkiyəyə qarşı koordinasiyanı gücləndirməyə çalışır:

“Bu istiqamətdə atılan addımların növbəti nümunəsi 22 dekabr tarixində İsraildə keçirilən üçtərəfli sammit olub. Görüşdə İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər.Sammitdə əsas müzakirə mövzusu Türkiyənin Şərqi Aralıq dənizində hərbi fəallığının artması fonunda “qarşısının alınması və müdafiə mexanizmləri” olub”.

Analitikin fikrincə, bu cür təşəbbüslər regionda real güc balansını dəyişmək potensialına malik deyil:

“İsrail bu məsələdə həddindən artıq riskli mövqe tutur. ABŞ-a ciddi şəkildə arxalanır, lakin unutmamalıdır ki, Türkiyə NATO-nun hərbi güc baxımından ikinci ölkəsidir və onunla üz-üzə gəlmək ciddi təhlükələr vəd edir. Tarix göstərib ki, ABŞ istədiyini əldə etdikdən sonra ən yaxın müttəfiqini belə zərurət yaranarsa qurban verə bilər. Yunanıstan və Kiprin Türkiyəyə qarşı atdığı addımlar nəticəsiz qalacaq. Yunanıstan və ölçülərinə uyğun olmayan iddialar irəli sürən Kipr nə qədər cəhd göstərsələr də, Türkiyəyə qarşı real üstünlük əldə edə bilməzlər. Bu gün dünya dövlətləri Türkiyənin gücü və regional rolu ilə artıq barışıb. Tarixi reallıqlar da unudulmamalıdır – xüsusilə 1974-cü il hadisələri bəzi tərəflər üçün ciddi dərs olmalıdır”.

Analitik hesab edir ki, bu üç ölkənin birgə potensialı belə Türkiyənin qarşısında dayana biləcək səviyyədə deyil:

“Bu dövlətlərin bütün imkanlarını bir yerə toplasaq belə, Türkiyənin hərbi-siyasi gücü ilə müqayisə etmək mümkün deyil. Elə buna görə də rəsmi Ankara da bu proseslərə ciddi narahatlıqla yanaşmır. İsrail–Yunanıstan–Kipr üçlüyünün əsas ümid yeri ABŞ-dır, lakin bu amil də həlledici olmayacaq. ABŞ-a hazırda Donald Tramp kimi biznes təfəkkürlü bir siyasətçi rəhbərlik edir. O, heç vaxt Türkiyə kimi strateji tərəfdaşı qarşısına almaz. Bu baxımdan hesab edirəm ki, narahatlığa əsas yoxdur. Regional sabitlik qorunacaq, bu tip birliklər onu poza bilməz. Türkiyəyə qarşı hər hansı təhlükəli situasiyanın yaranması real görünmür”.

//Gülnarə Abasova, Editor.az

Chosen
55
20
editor.az

10Sources