EN

Deputat Pərvanə Əliyeva: “Gənclər, yeniyetmələr arasında tütünün zərərlərinin davamlı təbliğatı aparılmalıdır”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda elektron siqaretlərlə bağlı ciddi məhdudiyyətlər nəzərdə tutulur. Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi tam şəkildə qadağan ediləcək. Bu dəyişiklik ölkədə sağlam həyat tərzinin təşviqi və gənclər arasında bu vasitələrin yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, gətirilən bu qadağa bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına bir töhfədir.

Pərvanə Vəliyeva

“Milli Məclisdə maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsini qadağan edən qanun layihələri müzakirə olunub.

Tütünçəkmə dünyada milyonlarla ölümün əsas səbəblərindən biridir. Bu, ağciyər xərçəngi, ürək-damar xəstəlikləri, insult, XAHX (KOAH) kimi xəstəliklərin yaranması ilə birbaşa əlaqəlidir. Ölkəmizdə də bu xəstəliklərin artması fonunda atılmış addım təqdirəlayiqdir. Bu qərar insan sağlamlığının qorunması və ictimai səhiyyə baxımından olduqca əhəmiyyətlidir.

Nikotin asılılıq yaradır və xüsusilə gənclər tərəfindən istifadəsi böyük riskdir. Gənclər arasında elektron siqaretdən istifadənin təbliğatı və artması həyəcan təbili çalır. Ona görə də, gətirilən bu qadağa bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına bir töhfədir. Qarşısının alınması məqsədilə ölkəyə idxalına, eləcə də, xarici ölkələrdən sərnişinlərin üzərində gətirilməsinə yol verməmək üçün ciddi nəzarət həyata keçirilməlidir.

Tütünlə mübarizə istiqamətində dövlət tərəfindən davamlı addımlar atılır, müəyyən tənzimləmələr gətirilir, qanunlar sərtləşdirilir. Azərbaycan ÜST-ün Tütündən istifadəyə Nəzarət üzrə Çərçivə Konvensiyasına 2006-cı ildə qoşulmuşdur. Bu Konvensiya tütündən istifadənin azaldılması üçün tədbirlər proqramı təklif edir. 2017-ci il 1 dekabr tarixində ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilmişdir. Bu qanunla tütündən istifadə bir çox ictimai yerlərdə qadağan edilmişdir və qanunun pozulmasına görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycanın tütündən istifadə sahəsində həyata keçirdiyi tədbirlər bir çox beynəlxalq çağırışlara və tələblərə cavab verir.

Düşünürəm ki, bu sahədə maarifləndirmənin artırılmasına böyük ehtiyac var. Xüsusilə, gənclər, yeniyetmələr arasında tütünün zərərlərinin davamlı təbliğatı aparılmalıdır”-deyə Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
bizimyol.info

1Sources