EN

Zəngəzurla bağlı YENİ tarix – Trampın adamı Bakıya gəlir? 

“Gələn ilin başlanğıcı çox güman ki, ABŞ-nin Ermənistanla bağlı xarici siyasət fəaliyyətinin artması ilə yadda qalacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, fevral ayının əvvəlində İrəvana “yüksək vəzifəli Amerika rəsmisinin” (dövlət katibi Marko Rubio) səfəri gözlənilir və Cənubi Qafqazda ABŞ regional diplomatiyasının əsas diqqət mərkəzinə gələn “Tramp marşrutu”nun formal olaraq bu dövrdə açılması mümkündür.

Qeyd edək ki, Suren Sarkisyan ABŞ siyasi dairələrində əlaqələri olan ekspert kimi tanınır. O, əvvəllər Vaşinqton və İrəvan arasında hazırlanan yüksək səviyyəli əlaqələr barədə sonradan təsdiqlənmiş bir sıra məlumatların müəllifidir. Bu məlumat da ciddiyə alına bilər. Çünki hazırda Vaşinqton Zəngəzur dəhlizi layihəsi ilə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə intensiv ikitərəfli məsləhətləşmələr aparır.

Bu fəallığın digər bir təsdiqi kimi Amerika-Azərbaycan Ticarət Palatasının bu yaxınlarda Azərbaycan və Ermənistanın ABŞ-dəki səfirləri – Xəzər İbrahim və Narek Mkrtçyanla TRIPP-lı bağlı apardığı müzakirələri göstərmək olar. Dəyirmi masa müzakirəsinə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan diplomatlar da qoşulublar.

Ermənistan Xarici İşlər Nazirliyi yazılı media sorğusuna cavab olaraq bildirib ki, tikinti işlərinin başlanması da daxil olmaqla, TRIPP layihəsinin praktiki icra mərhələsi 2026-cı ilə planlaşdırılır.

Qeyd olunub ki, İrəvan hazırda “Tramp marşrutu” layihəsi üçün hüquqi çərçivə və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə amerikalı tərəfdaşlarla danışıqlar aparır. XİN həmçinin layihənin həyata keçirilməsi üçün Ermənistan-Amerika birgə müəssisəsi olacaq “TRIPP Company”nin yaradılacağını da açıqlayıb. “Şirkət Ermənistanda qeydiyyatdan keçəcək və əsas infrastrukturun inkişaf etdirilməsi üçün səlahiyyətli olacaq. Buraya dəmir və magistral yolların, neft və qaz boru kəmərlərinin tikintisi və modernləşdirilməsi, eləcə də fiber-optik rabitə xətlərinin çəkilməsi daxildir”, – rəsmi açıqlamada deyilir.

Bəs Rubio İrəvana gələsi olsa, Azərbaycana da baş çəkəcəkmi? “Zəngəzur dəhlizinə fevralda formal olaraq start veriləcək” açıqlaması nədən xəbər verir?

Azər Hüseynov

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Zəngəzur dəhlizinin işləməyə başlaması şübhəsiz ki, qlobal iqtisadiyyata istiqamət verən əsas güclərdən biri olan Amerika Birləşmiş Ştatlarının maraqları çərçivəsində dəyərləndirilə bilər:

“Bu maraq həm iqtisadi, həm də siyasi xarakter daşıyır. Eyni zamanda layihə region ölkələrinin də maraqlarına cavab verir.

Azərbaycan bu dəhliz vasitəsilə mallarını və xidmətlərini daha sürətli və effektiv şəkildə ixrac etmək imkanı qazanır, Ermənistan isə tranzit ölkə kimi iqtisadi dividendlər əldə edə və uzun müddətdir bağlı qalan sərhədlərin açılması ilə iqtisadi hərəkətlilikdən faydalana bilər.

Türkiyənin bu prosesdə rolu isə xüsusi əhəmiyyət daşıyır; dəhliz Ankaranı regional logistika və ticarət zəncirinin mühüm həlqəsinə çevirə bilər və ümumilikdə Cənubi Qafqazda iqtisadi canlanma yarada bilər”.

Şərhçinin sözlərinə görə ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfər edəcəyi təqdirdə Bakıya da gəlib-gəlməyəcəyi məsələsinə gəlincə, bu barədə indiki mərhələdə konkret nəsə demək çətindir:

“Lakin aydın olan budur ki, Zəngəzur dəhlizinin tezliklə istifadəyə verilməsi təkcə regiondaxili hazırlıq işləri ilə deyil, həm də qlobal siyasi proseslərin gedişatı ilə birbaşa əlaqəlidir. Bu layihənin taleyi Ukrayna müharibəsi fonunda formalaşan yeni güc balansı, İranın ABŞ və İsraillə münasibətlərindəki gərginlik səviyyəsi, eləcə də Rusiya–ABŞ münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə sıx şəkildə bağlıdır. Azərbaycan bütün bu mürəkkəb geosiyasi konfiqurasiya daxilində öz milli maraqlarını, təhlükəsizlik prioritetlərini və iqtisadi məqsədlərini qorumağa çalışır.

Əgər proseslərin gedişində Rubionun Bakıya səfərini zəruri edən real və konkret səbəblər formalaşarsa, bu səfər baş tuta bilər; əks halda isə belə bir addımın atılması ehtimalı azalır.

Əsas məqam ondan ibarətdir ki, Zəngəzur dəhlizinin reallaşması regional təşəbbüs olmaqla yanaşı, qlobal və regional oyunçular arasında gedən siyasi və geostrateji proseslərin ayrılmaz tərkib hissəsidir”.

Chosen
48
nocomment.az

1Sources