EN

AZAL faciəsi ilə bağlı kritik suallar: Rusiya məsuliyyətdən yayınır? – SENSASİON DETALLAR

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı daxil olan bütün sorğulara cavab verib və yaxın vaxtlarda Qazaxıstan komissiyasının istintaqı başa çatdıracağına ümid edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Qazaxıstan tərəfindən aparılan araşdırmanın tezliklə yekunlaşacağını və bu faciə ilə bağlı bütün sualların birgə şəkildə bağlanacağını gözləyir.

“Ümid edirik ki, yaxın zamanda Qazaxıstan komissiyası öz araşdırmasını başa çatdıracaq və biz bu faciəli insidentlə, bu faciə ilə bağlı qalan bütün sualları birlikdə bağlayacağıq. Bununla bağlı heç kimin şübhəsi olmamalıdır”, – deyə diplomat vurğulayıb.

Zaxarova əlavə edib ki, 2024-cü ilin dekabrında baş verən AZAL-a məxsus Azərbaycan təyyarəsinin qəzası ilə bağlı Qazaxıstandan daxil olan bütün sorğular Rusiya aviasiya qurumları tərəfindən cavablandırılıb.

“Qəzanın bütün halları üzrə beynəlxalq araşdırmanı Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi yanında yaradılmış xüsusi komissiya aparır. Rusiya tərəfi bu qurumla sıx əməkdaşlıq edir və ona bütün zəruri dəstəyi göstərir. Rusiya aviasiya orqanları qazaxıstanlı həmkarlarından daxil olan bütün sorğulara cavab verib”, – deyə Zaxarova qeyd edib.

Bəs, bu açıqlama hadisənin bütün səbəblərinin obyektiv araşdırılacağına zəmanət verirmi? Rusiya beynəlxalq hüquq baxımından hansı məsuliyyəti daşıyır və Azərbaycanın bu prosesdə hüquqlarını qorumaq üçün hansı addımlar atması lazımdır?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Asif Şəkərli qeyd edib ki, Azərbaycanın AZAL-a məxsus mülki təyyarəsinin vurulması birbaşa beynəlxalq hüquq normalarının pozulmasıdır: “Beynəlxalq hüquq normalarına müvafiq olaraq, dövlətlər uçuşların normal şəkildə həyata keçirilməsi və təhlükəsizliyin təmin olunması üçün müvafiq öhdəliklər götürüblər. Araşdırma zamanı təyyarənin Rusiya tərəfindən vurulması təsdiqlənib. Mövcud vəziyyətdə beynəlxalq hüquq pozuntusu nəticəsində Azərbaycana vurduğu zərərin nəticələrini aradan qaldırmaq Rusiyanın birbaşa vəzifəsidir”.

Asif Şəkərli

Eksperin sözlərinə görə, Azərbaycanın haqlı tələbləri açıqdır: “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.  Rusiya Prezidenti də deyib ki, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Bütün hallarda hər zaman haqq-ədaləti bərpa etməyə qadir olan Azərbaycanın bu hadisənin təfərrüatlarını da təfsilatlı şəkildə öyrənəcəyi və günahkarların cəzalanması ilə bağlı istəyinə çatacaq.

 

 

Chosen
86
nocomment.az

1Sources