EN

Politoloq: Biz regionda sülhün bərqərar olmasının tərəfdarıyıq

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 dekabr, L.Muradzadə, AZƏRTAC

Ermənistan, görünür, dağıdılmış Ağdam şəhərinin heç vaxt azərbaycanlıların yaşayışı üçün yararlı hala gətirilməyəcəyini düşünürdü. Bu, məqsədli, planlı və şüurlu şəkildə həyata keçirilirdi. Məqsəd şəhəri tamamilə məhv etmək və onu “ölü zona”ya çevirmək idi. Lakin bu baş vermədi. Azərbaycan bu şəhəri bərpa edir, məcburi köçkünlər ora qayıdır. Onlara mənzillər verilir, yaşayış, əmək fəaliyyəti və təhsil üçün bütün zəruri şərait yaradılır.

Bu barədə AZƏRTAC-a Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov danışıb.

Politoloqun fikrincə, bu məsələyə çoxsaylı xarici dövlətlərin diqqətini cəlb etməyə nail olunub. “Bu, bizim fəal və hücum xarakterli diplomatik fəaliyyətimizin, bacarıqla qurulmuş xarici siyasət prioritetlərinin, tərəfdaş və müttəfiqlərin qazanılmasının, habelə bir çox xarici siyasət problemlərinin uğurlu həllinin nəticəsidir. Biz regionda sülhün bərqərar olmasının və qan tökülməməsinin tərəfdarıyıq”, – deyə ekspert vurğulayıb.

F.Sadıxov qeyd edib ki, Azərbaycan gələcək sülh sazişinin əsasını təşkil edən və avqustun 8-də Vaşinqtonda paraflanmış bir çox sülh təşəbbüslərinin müəllifidir.

“Düşünürəm ki, biz bundan sonra da təkcə xarici ictimaiyyətin, xarici jurnalistlərin, diplomatik nümayəndəlik rəhbərlərinin və siyasətçilərin diqqətini cəlb etmək üçün deyil, həm də bu məsələnin beynəlxalq təşkilatlarda, Avropanın digər dövlətlərində, Asiya qitəsində və Mərkəzi Asiya regionunda müzakirə formatında ciddi mövzuya çevrilməsi üçün bütün zəruri addımları atacağıq. Hesab edirəm ki, öz maraqlarımızın reallaşdırılması üçün bundan sonra da lazım olan hər şeyi edəcəyik. Çünki bu maraqlar Cənubi Qafqaz regionunda təhlükəsizlik, sabitlik və dinc yanaşı yaşamaq prinsipləri ilə üst-üstə düşür”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
85
1
azertag.az

2Sources