EN

Bu obyektlər nə bələdiyyələrin, nə də icra hakimiyyətlərinin səlahiyyətindədir - komitə sədri

Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.


Komitə sədri “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir sıra məsələlərə diqqət çəkib: “Hazırda Azərbaycanda bir sıra zavod və müəssisələr fəaliyyət göstərir – Gəncə, Sumqayıt və digər bölgələrdə belə istehsalat müəssisələri mövcuddur. Bu müəssisələrin gələcək taleyi, orada çalışan insanların əmək hüquqları, sosial təminatları bu qanunun tətbiqi ilə birbaşa əlaqəlidir. Qanunun qəbul olunması bu zavodların fəaliyyəti və işçilərin taleyi baxımından mühüm əhəmiyyət kəsb edir. Vaxtilə bu zavodlarda inşaat materialları istehsal olunub və bu materiallar Azərbaycanda geniş şəkildə tətbiq olunub. Hətta bəzən kənd yerlərində, hasarların tikintisində belə bu materiallardan istifadə olunur. Bu prosesin icrası üçün müəyyən maliyyə alətlərinin – subsidiyaların, güzəştli kreditlərin və ya dəstək mexanizmlərinin tətbiqi vacibdir. Çünki xüsusən kənd yerlərində bu dəyişikliklər əhalinin sosial vəziyyətinə təsir edə bilər. Xatırlayırsınızsa, Binəqədi rayonunda vaxtilə yanğına səbəb olduğu üçün binanın üzlənməsi ilə bağlı dövlət səviyyəsində göstəriş verilmişdi və həmin materiallar tamamilə yeniləndi. Əgər bu materiallar da zərərli hesab olunursa, dövlət tərəfindən konkret göstəriş verilməli, onların istifadəsinə qadağa qoyulmalı və əvəzində zərərsiz, ekoloji baxımdan təhlükəsiz alternativ materialların istifadəsi təşviq edilməlidir”.

S.Novruzov əlavə edib ki, mülki dövriyyədə olmasına yol verilməyən məsələlərin əhatə dairəsi genişlənməlidir:

“Bəzi bölgələrdə mülkiyyət hüquqlarının qeyri-müəyyən olmasıdır. Biz müxtəlif regionlarda yarımçıq qalmış obyektlər, istifadəsiz torpaq sahələri, keçmiş istehsalat müəssisələri, istismar olunmayan binalar görürük. Bu obyektlər nə bələdiyyələrin, nə də icra hakimiyyətlərinin səlahiyyətindədir, nəticədə isə heç bir hüquqi və iqtisadi dövriyyəyə daxil ola bilmir. Bu da həm vizual, həm də funksional baxımdan həmin ərazilərdə inkişafı ləngidir. Məsələn, keçmiş hərbi təyinatlı obyektlər, qəzalı vəziyyətdə olan anbarlar, istifadəsiz istehsalat sahələri uzun illərdir olduğu kimi qalıb. Halbuki, həmin sahələrin bələdiyyələrə və ya yerli icra hakimiyyətlərinə verilməsi həmin ərazilərdə sosial-iqtisadi canlanmaya səbəb ola bilər”.
Chosen
45
yenilik.az

1Sources