EN

TÜRKPA-nın Baş katibi Qazaxıstan Parlamentinin sədri ilə görüşüb

Dekabrın 26-da TÜRKPA-nın Baş katibi Ramil Həsən qurumun fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovla Astanada görüşüb.

“İki sahil” xəbər verir ki, görüş zamanı Baş katib qısa müddət ərzində TÜRKPA tərəfindən həyata keçirilən fəaliyyətlər, o cümlədən TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən görülmüş işlər barədə Koşanova ətraflı məlumat verib. O, fəaliyyətdə olan sədri Türkiyə, Qırğızıstan, Macarıstan, Özbəkistan və Kuzey Kıbrıs Türk Cumhuriyyətinə (KKTC) həyata keçirdiyi rəsmi səfərlər, eləcə də bu səfərlər çərçivəsində parlament sədrləri və xarici işlər nazirləri ilə baş tutan ikitərəfli görüşlər barədə də məlumatlandırıb.

Baş katib, həmçinin Cenevrə şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında TÜRKPA-nın fəal iştirakı barədə məlumat verib. Ramil Həsən bildirib ki, TÜRKPA Beynəlxalq Katibliyi 2026-cı il üçün İş Planının layihəsini hazırlayıb və müzakirə edilməsi məqsədilə tərəflərə təqdim edib. 2026-cı ildə TÜRKPA tərəfindən “Avrasiyada yeni əməkdaşlıq: Strateji əlaqələrin inkişafında TÜRKPA-nın rolu – Parlament diplomatiyası” mövzusunda beynəlxalq konfransın keçirilməsinin faydalı olacağı da Koşanovun diqqətinə çatdırılıb.

Öz növbəsində, Yerlan Koşanov qısa müddət ərzində bu qədər səmərəli və faydalı işlərin görülməsindən məmnunluğunu ifadə edərək Baş katib Ramil Həsənə və onun işçi heyətinə dərin təşəkkürünü bildirib. O, növbəti ilin birinci yarısında Azərbaycana rəsmi səfərinin gözlənildiyini və bu səfər çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etməkdən məmnunluq duyacağını ifadə edib.

Chosen
40
6
ikisahil.az

10Sources