EN

Xalqımız hər zaman yaddaşına sadiq qalacaq

Bu gün regionda sülh prosesi ilə bağlı müzakirələr aparılır, müxtəlif siyasi platformalarda gələcəyə dair nikbin fikirlər səsləndirilir. Azərbaycan dövləti hər zaman sülhün tərəfdarı olduğunu bəyan edib və bu mövqeyini əməli addımlarla sübut edib.

Tarixinin ən ağır, ən çətin dönəmlərində, ədalətsizliklərlə üzləşəndə, beynəlxalq səviyyədə hüquqları pozulanda Azərbaycan öz haqqı uğrunda mübarizəsini bir an belə dayandırmadı, eyni zamanda işğal olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin azadlığının müharibə deyil, sülh yolu ilə reallaşmasına səy göstərdi.

Danışıqlar fayda vermədi, müharibə oldu. 2020-ci il sentyabrın 27-də işğalçılıq niyyətindən əl çəkməyən Ermənistanın silahlı qüvvələrinin növbəti təxribatı İkinci Qarabağ müharibəsinin başlaması ilə nəticələndi. Ancaq Ermənistan və ona havadarlıq edənlər bu dəfə qarşılarında qüdrətli bir ölkənin olduğunu gördülər və tarixi dərslərini aldılar. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın otuz ilə yaxın davam etdirdiyi işğala son qoyaraq Qarabağ və Şərqi Zəngəzur torpaqlarını azad etdi. Bu, Qalib Azərbaycan üçün yeni bir tarixi mərhələnin başlanğıcı oldu.

Müharibədən qısa müddət sonra azad edilmiş torpaqlarımızda başlanılan, bu gün sürətlə davam etdirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin nəticələri sevindirici və qürurvericidir. Düşmənin xarabalığa çevirdiyi Qarabağda və Şərqi Zəngəzurda "Böyük qayıdış" proqramı çərçivəsində yeni kəndlər, qəsəbələr, şəhərlər salınır. Keçmiş məcburi köçkünlər tədricən öz yurdlarına qayıdır, yeni evlərinin işıqlarını yandırırlar.

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak etdi, buraya köçən sakinlərlə görüşərək onlarla sevinclərini bölüşdülər. Görüşdə çıxış edən dövlət başçısı işğal dövründə Ağdamın demək olar ki, urbisidə məruz qaldığını, yəni şəhərin Ermənistan dövləti tərəfindən tamamilə dağıdıldığını vurğuladı.

İşğalçıların xarabalığa çevirdikləri yurdlarımızı dövlətimiz abad etdikcə həmin yerlərdə həyat canlanmağa başlayır, tarix isə unudulmur...

Azərbaycan xalqı XX əsrin sonlarında ağır və ağrılı bir mərhələdən keçdi, dəhşətli faciələrə məruz qaldı. Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət nəticəsində torpaqlarımızın iyirmi faizi işğal olundu. Bu işğal həm də genişmiqyaslı humanitar fəlakətə səbəb oldu. Bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin salındı və məcburi köçkün vəziyyətinə düşərək uzun illər məşəqqətlər çəkməli oldu. Qəsbkar ermənilər minlərlə insanı işgəncələr verərək qətlə yetirdi. Yüz minlərlə ailə doğma yurd-yuvasından didərgin salındı. Mədəni irsimiz vandalizmə məruz qaldı. İşğalçılar şəhər və kəndlərimizi yerlə yeksan etdilər. Həmin ərazilərimizdəki dünya və ölkə əhəmiyyətli tarixi abidələri, məscidləri, qəbiristanlıqları məqsədli şəkildə dağıtdılar. Həmin dəhşətli faktları xatırlayanda istər-istəməz düşünürsən ki, bəli, bu, sadəcə münaqişə deyildi, planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə və insanlığa qarşı cinayətlər idi. 

Prezident İlham Əliyevin Ağdam sakinləri ilə görüşündə diqqətə çatdırdığı kimi, bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi: "Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır".

Dövlət başçısının qürurla vurğuladığı kimi, beş il bundan əvvəl şanlı İkinci Qarabağ müharibəsi və onun nəticələri haqq-ədaləti bərpa etdi. Ermənistanın və himayədarlarının müxtəlif vasitələrlə vaxtı uzadaraq Azərbaycanı Qarabağ və Şərqi Zəngəzur ərazilərinin işğalı ilə barışdırmaq kimi məkrli niyyətləri puça çıxdı. Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ildə antiterror əməliyyatında qazandığı qələbələrlə Qarabağı və Şərqi Zəngəzuru Ermənistanın əsarətindən xilas etdi. Beləliklə, ölkəmizin tam suverenliyinə nail olduq. Prezident İlham Əliyevin dediyi kimi: "Bugünkü yeni reallıqlar dünyanın aparıcı ölkəsinin Prezidentinin iştirakı ilə avqust ayında təsdiqləndi, möhürləndi. Bizim Qələbəmizin çox böyük və güclü möhürü də vuruldu, onunla da separatçılığın, bizə qarşı ərazi iddialarının, anti-Azərbaycan qüvvələrinin bizə qarşı açıq "soyuq savaşı"nın artıq sonu gəldi, separatçılığın kitabı bağlandı və Azərbaycan xalqı artıq bir neçə aydır ki, sülh içində yaşayır".

Sülh anlayışı keçmişi unutmaq, tarixi yaddaşı kölgəyə salmaq və xalqın yaşadığı faciələri xatirələrdən silmək anlamına gəlmir. Əksinə, həqiqi və davamlı sülh yalnız tarixi reallıqların qəbul edilməsi üzərində qurula bilər. Çünki unudulan tarix gec-tez təkrarlanır.

Sülhsevər Azərbaycan xalqı da hər zaman öz tarixi yaddaşına sadiq qalacaq. 1980-ci illərin sonlarından başlayaraq Qarabağda, Şərqi Zəngəzurda günahsız azərbaycanlılara qarşı təcavüzkar ermənilərin törətdikləri qırğınları, qətliamları, soyqırımlarını unuda bilmərik. Bu faciələrin ən qanlı və dəhşətli səhifəsi - Xocalı soyqırımı yalnız azərbaycanlıların deyil, bütün insanlığın fəlakəti oldu. 1992-ci il fevralın 26-dan 27-nə keçən gecə azğınlaşmış işğalçılar Xocalı adlı bir şəhəri məhv etdilər, sakinlərinə amansızlıqla divan tutdular. Ermənilər yalnız azərbaycanlı olduqları üçün qadınlara, uşaqlara, qocalara işgəncələr verdilər, yüzlərlə soydaşımızı amansızlıqla qətlə yetirdilər və ya şikəst etdilər. Xocalıda dinc əhaliyə qarşı törədilmiş bu vəhşilik insanlığa qarşı cinayətlərin ən acı nümunəsidir.  Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşına çevrilib. Xocalını unutmaq ədaləti unutmaq deməkdir.

Xocalı başda olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımlarını xatırlamaq ədaləti yaşatmaq və gələcək faciələrin qarşısını almaq üçün zəruridir. Çünki milli yaddaşa söykənməyən  sülh cəmiyyəti yeni faciələrə sürükləyə bilər. Odur ki, tarixi həqiqətlər tanıdılmalı, törədilmiş cinayətlərə siyasi və hüquqi qiymət verilməli, qurbanların haqqı bərpa olunmalıdır. 

Azərbaycan sülhün tərəfdarıdır. Prezident İlham Əliyev bildirdi: "Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq".

Tariximizi xatırlamaq, gələcək nəsillərə ötürmək bizim borcumuz və məsuliyyətimizdir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

1Sources