EN

Çinin müharibə planı və hədəfi açıqlandı

BAKI, 27 dekabr. TELEQRAF

Çin Rusiyanın Ukraynada apardığı müharibə zamanı yol verdiyi səhvləri nəzərə alaraq, Tayvana hərbi müdaxilə hazırlığını davam etdirir. Pekin Moskvanın “üçgünlük xüsusi əməliyyat” illüziyasına yox, total müharibə ssenarisinə üstünlük verir.

Teleqraf xəbər verir ki, bu barədə hərbi-analitik portalı “Defense Express” məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu yaxınlarda Çinin yeni hərbi doktrinası ilə bağlı hesabat yayımlayıb. Sənəddə Pekinin Rusiya-Ukrayna müharibəsinin təcrübəsini nəzərə alaraq hücuma hazırlaşdığı etiraf olunur.

Görünür, Çin Tayvanı ələ keçirmək cəhdinin qaçılmaz olaraq ABŞ ilə genişmiqyaslı toqquşmaya səbəb olacağını güman edir. Bu səbəbdən nüvə silahından istifadə etmədən müharibənin ənənəvi münaqişə çərçivəsində dayandırıla biləcəyi bir ssenari həyata keçirməyə çalışır. Çin strategiyası yüksək texnologiyalı silah sistemləri, dəniz blokadası və təcrid, eləcə də genişmiqyaslı iqtisadi müharibə ilə birlikdə uzaq məsafələrə dəqiq zərbələr endirmək ssenarisinə əsaslanır.

Rusiyanın Ukraynadakı təcrübəsini nəzərə alan Çin dron və peyk rabitə sistemlərindən istifadəyə yanaşmalarını təkmilləşdirib.

Analitiklərə görə, Çin ABŞ-nin münaqişəyə müdaxiləsi halında düşmənin təslim olmasına nail olmaq üçün bütün strateji resursları tam səfərbər etməklə total müharibəyə əl atmağa hazırdır. Bu planın bir hissəsi ölkənin sülh dövründən hərbi vəziyyətə sürətli keçidinə hazırlıqla bağlıdır.

Həddindən artıq və dəyişkən məqsədləri olan Rusiyadan fərqli olaraq, Çin müharibədəki hədəflərinə uğurla çatmaq üçün onların dəqiq müəyyən edilməli və məhdudlaşdırılmalı olduğunu düşünür.

Pekin şəbəkə mərkəzli müharibə konsepsiyasını praktikada həyata keçirmək istəyir. Bu konsepsiya vahid informasiya şəbəkəsinin mövcudluğunu nəzərdə tutur. Həmin şəbəkə vasitəsilə komandanlıq, idarəetmə və kəşfiyyat fəaliyyətləri koordinasiya olunur ki, maksimum informasiya məlumatlılığı təmin edilsin, düşmənin zəif tərəfləri aşkar edilsin və qüvvələr operativ şəkildə bu zəif nöqtələrdə cəmləşdirilsin. Bu cür sistemin əsas elementi böyük həcmli məlumatların (Big Data) süni intellektdən istifadə etməklə sürətli təhlili imkanıdır.

Bundan başqa, Çin ordusu döyüş əməliyyatlarının ssenarilərini modelləşdirmək və ən sərfəli fəaliyyət alqoritmlərini müəyyənləşdirmək üçün süni intellektdən fəal istifadə etməyi planlaşdırır.

Chosen
64
teleqraf.com

1Sources