EN

Nağd ödənişdə endirim var, nağdsız ödənişdə yox... Özbaşına ticarət qaydaları…


Kamran Məmmədli: “Nağdsız ödənişi qəbul etməyən sahibkarlara maliyyə sanksiyaları tətbiq edilir”

Son vaxtlar bəzi mağazalar və xidmət müəssisələri kartla ödənişdən imtina edir. Bu hal əsasən elektronika və mebel mağazalarında müşahidə olunur.

Onlar bu istəklərini belə əsaslandırır ki, əgər alıcı endirimdən yararlanmaq istəyirsə, nağd şəkildə ödəniş etməlidir. Kartla ödənişdə isə bu imkanlar tətbiq olunmur. Bu da istehlakçı hüquqlarının pozulması deməkdir.

“Bəzi sahibkarlar vergi ödəməmək üçün endirim adı ilə istehlakçıları, vətəndaşları aldadır, bu isə qanun pozuntusudur”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nağdsız ödənişi qəbul etməyən sahibkarlara maliyyə sanksiyaları tətbiq edilir: “195 telefon çağrı mərkəzi”nə zəng etməklə vətəndaş bununla bağlı öz şikayətini bildirə bilər. Bu müraciətlər dərhal nəzarətə götürülür və əksər hallarda plastik kartla ödənişdən imtina edən sahibkarlar cərimələnir. Bununla bağlı qanunda müddəalar var. Bəzi sahibkarlar vergi ödəməmək üçün endirim adı ilə istehlakçıları, vətəndaşları aldadır. Bu isə qanun pozuntusudur. Vətəndaş plastik kartı təqdim edir, amma çox təəssüf ki, qarşı tərəf bununla əməliyyat aparmaqda maraqlı olmur. Baxmayaraq ki, qanunvericilikdə pos-terminaldan istifadə məcburidir. Məlumdur ki, bütün satış və xidmət obyektlərində POS-terminallar olmalı, nağdsız ödənişlərin genişləndirilməsi prosesinə həm biznes subyektləri, həm də istehlakçılar dəstək verməlidir. Ümumiyyətlə, kartdan karta əməliyyatların genişlənməsi vergidən ciddi yayınmaya səbəb olur. Məlumdur ki, həm ticarət, həm də xidmət müəssisələrində ödəniş forması kimi kartdan karta pul köçürülməsi qadağandır. Bu, hesablaşma qaydalarının pozulmasıdır və bunu edənlər cərimələnməlidir. Vətəndaş ödənişi nağd edirsə, kartdan karta ödəniş də buna aiddir, o halda istehlakçıya qəbz və nəzarət-kassa aparatından çıxarılan ödənişi təsdiq edən sənəd təqdim edilməlidir. Əgər istehlakçı ödənişi kartla etmək istəyirsə, bunun yeganə forması POS-terminaldır. Bundan müxtəlif bəhanələrlə imtina edənlər qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılmalıdır”.

Günel CƏLİLOVA

Chosen
34
baki-xeber.com

1Sources