EN

Milli Məclisin iclasında...

Millət vəkilləri 9 qanun layihəsini qəbul ediblər

Dekabrın 26-da Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə 9 məsələ daxil edilib.

Əvvəlcə əmək qanunvericiliyinə nəzərdə tutulan dəyişikliklər üçüncü oxunuşda müzakirə olunub. Bildirilib ki, layihə 18 qanun üzrə 178 maddədə 457 dəyişikliyi ehtiva edir. Dəyişikliklərin əksəriyyəti Əmək Məcəlləsinə aiddir, digər 17 qanuna təklif edilən dəyişikliklər isə Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər çərçivəsində hazırlanıb, uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıyır. Layihə yerli əmək münasibətlərinin spesifikası nəzərə alınmaqla beynəlxalq əmək normalarının milli qanunvericiliyə implementasiyası, bu sahədə elektron sistemlərin tətbiqi ilə əlaqədar yeni qaydaların təsbiti, eləcə də ötən dövr ərzində əmək qanunvericiliyində aşkar edilmiş boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra layihə qəbul edilib.

Sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) qəbul olunub. Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi ictimai mənəviyyatı qorumaq, xüsusilə yeniyetmə və gəncləri sosial şəbəkələrdə yayılan zərərli və qeyri-etik informasiyadan müdafiə etmək, həmçinin internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirərək mövcud qanunvericiliyi təkmilləşdirməkdir.

Bu məqsədlə qanunun 13-cü maddəsinə 13-2.3.6-1. bəndi əlavə olunur. Düzəlişdə deyilir ki, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilir. Vurğulanıb ki, layihə mənəvi dəyərlərin qorunmasını təmin etmək, yeniyetmə və gənclərin zərərli informasiyadan qorumaq, bu növ informasiyaların yayılmasını önləmək zərurətindən irəli gələrək hazırlanıb.

Növbəti məsələ olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər çox genişdir və bir neçə sahəni əhatə edir. Dəyişikliklərin bir qismi xüsusi icra məmurları ilə bağlı qəbul edilən qanuna uyğunlaşdırma xarakteri daşıyır. Bir sıra maddələrdə icra məmuru sözünün dövlət icra məmuru sözləri ilə əvəz edilməsi təklif edilir. Digər istiqamət isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq normaların təsirindən kənarda qalmaması, əmək müqaviləsi ilə işləyən işçilərin hüquqlarının daha yaxşı qorunması, velosiped, moped və başqa oxşar nəqliyyat vasitələrini idarə edən şəxslərin təhlükəsizliyini daha səmərəli  təmin etmək yönündədir. Bir hissə maliyyə, enerji resursları sahəsində şəxslərin məsuliyyətli davranışını, vəkil adından qanunsuz istifadənin yolverilməzliyini təmin etməklə bağlıdır.  Eləcə də qanun layihəsində əkin yerinin yandırılması ilə müəyyən edilmiş inzibati xətanın çəkindirici xarakterinin gücləndirilməsi də təklif olunub.

Dəyişiklliklər sırasında sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə görə yeni inzibati xətanın müəyyən edilməsi  də nəzərdə tutulur.

Sonra Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi müzakirə edilib. Bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihəsi konseptual baxımdan mədəni sərvətlərin qorunması sahəsində hüququ müəyyənlik prinsipinin ardıcıl formada həyata keçirilməsini və mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd edilib ki, dövlətimiz tərəfindən mədəni irsin bərpası və mühafizəsinə yönəlmiş genişmiqyaslı siyasətin və xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri kontekstində bir sıra hüquqi addımların atılması böyük əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, qanun layihəsində mədəni sərvətlərin qorunması ilə bağlı müddəaların dəqiqləşdirilməsi və məsuliyyətin artırılması nəzərdə tutulub. Sənəd, həmçinin mədəni sərvətlərin korlanması və ya məhv edilməsi əməllərinə görə məsuliyyəti, ziyanın miqdarı və təqsirin formasına görə fərqləndirməyi hədəfləyir. Dəyişikliklərə əsasən, hüquqi şəxslər də mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə, habelə mədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cinayət-hüquqi məsuliyyətə cəlb ediləcəklər. Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işlərin dayandırılaraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verilməməsi inzibati xəta hesab ediləcək.

Sənəddə, həmçinin “Mədəniyyət haqqında” Qanuna “mədəni sərvətləri korlama” və “mədəni sərvətləri məhvetmə” anlayışlarının hüquqi tərifləri əlavə olunur. Qanun layihəsində mədəni sərvətlərin mühafizə dərəcəsindən asılı olmayaraq, onların korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla  razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.

Sonra  “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihə  (ikinci oxunuş) qəbul edilib. Bildirilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna təklif edilən dəyişikliklər kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində bir subyektdən digər subyektə ötürülməsinə dair hüquqi əsasları müəyyən edir.

Digər dəyişiklik kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının öz təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişiklər barədə hesabatının təqvim ili bitdikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməsini nəzərdə tutur. Bu dəyişikliklər təsis sənədlərində yenilənən hər hansı məlumatın hesabat formasında müvafiq orqana təqdim edilməsinin zəruriliyinə əsaslanır.

“Notariat haqqında” Qanuna təklif edilən dəyişikliklər isə yuxarıda qeyd olunan bir sıra məlumatların  Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana ötürülməsinin zəruriliyinə dair hüquqi əsasları müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, millət vəkilləri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.

Nardar BAYRAMLI

1Sources