Azərbaycanda səhiyyə müəssisələrində uzun növbələr illərdir ictimai narazılıq doğuran əsas problemlərdən biri olaraq qalır. İcbari tibbi sığortanın tətbiqi ilə bu problemin azalacağı gözlənilsə də, reallıqda əks mənzərə yaranıb. Poliklinika və xəstəxanalarda sıxlıq, saatlarla davam edən gözləmə, qeyri-müəyyən qəbul vaxtları və vətəndaşların məcburən özəl klinikalara üz tutması narazılığı daha da artırıb.
Mövzu Milli Məclisin plenar iclasında da səsləndirildi. Deputat Naqif Həmzəyev çıxışı zamanı səhiyyə müəssisələrində növbə problemini tənqid edərək bildirib ki, ASAN xidmət illərdir elektron növbə sistemi ilə uğurla işlədiyi halda, səhiyyədə bu sahədə ciddi gerilik var. Onun sözlərinə görə, kağız daşıyıcılarla, əl üsulu ilə növbə yaratmaq müasir dövrün tələblərinə cavab vermir və “MyGov” platformasında səhiyyə xidmətlərinin genişləndirilməsinə, vahid elektron növbə sisteminin qurulmasına təcili ehtiyac var.
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev NOCOMMENT.az-a bildirib ki, bu problem təkcə texniki yox, həm də sosial ədalət məsələsidir: “İcbari tibbi sığorta vətəndaşda belə bir gözlənti yaradır ki, mən aylıq ödəniş edirəmsə, xidmətə də vaxtında çıxışım olacaq. Amma saatlarla növbədə qalmaq bu inamı sarsıdır. İnsanlar düşünür ki, sığorta var, amma real xidmət yoxdur. Bu isə ictimai etimadın azalmasına səbəb olur.”
Sosioloqun sözlərinə görə, növbə problemi xüsusilə yaşlılar, xroniki xəstələr və regionlardan gələn vətəndaşlar üçün ciddi stress mənbəyidir:
“Uzun növbələr insanlarda əsəbilik, aqressiya, sistemə qarşı etiraz yaradır. Bir çox hallarda vətəndaş ‘dövlət xəstəxanasında vaxt itirəcəyimə, borc-xərc edib özələ gedim’ deyir. Bu isə icbari tibbi sığortanın sosial mahiyyətinə ziddir.”
Üzeyir Şəfiyev hesab edir ki, elektron növbə sistemi sadəcə texniki yenilik deyil, sosial nizam-intizam alətidir:
“ASAN xidmət nümunəsi göstərir ki, düzgün qurulmuş elektron sistem həm korrupsiyanın, həm də süni sıxlığın qarşısını alır. Səhiyyədə bunun olmaması təsadüfi deyil, idarəetmə boşluğunun nəticəsidir.”
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan həkim-terapevt Şərifə Quliyeva isə problemin tibb işçilərinə də mənfi təsir etdiyini deyir:
“Uzun növbələr həkimləri də yükləyir. Bir həkim gündə normadan artıq xəstə qəbul etməyə məcbur qalır, bu isə xidmətin keyfiyyətini aşağı salır. Həkim xəstəyə ayırmalı olduğu vaxtı ayıra bilmir, nəticədə həm xəstə, həm həkim narazı qalır.”
Həkimin sözlərinə görə, elektron növbə sistemi olmadığı üçün real ehtiyacla müraciət edən xəstələrlə formallıq üçün gələnlər arasında fərq qoyulmur:
“Bəzən təcili tibbi ehtiyacı olan xəstə də saatlarla növbədə qalır. Halbuki düzgün triac və elektron planlama olsa, bu problemlərin çoxu aradan qalxar. Əgər vətəndaş xidmətə vaxtında çata bilmirsə, sığorta kağız üzərində qalır. İnsan sığortaya pul ödəyib yenə özəl klinikaya gedirsə, deməli sistem haradasa işləmir. Problemin kökündə vahid elektron idarəetmənin olmaması, kadr çatışmazlığı və səhiyyə müəssisələrində rəqəmsal islahatların yarımçıq aparılması dayanır. “MyGov” platformasında həkim qəbulu, analiz nəticələri, göndərişlər və real vaxtlı növbə mexanizmi qurulmadıqca, uzun növbələr qalmaqda davam edəcək”.