EN

TƏCİLİ! Kreml Bakı ilə razılaşmaları pozur – Azərbaycan ŞOK ADDIM ata bilər

Rusiyanın AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işini dayandırmaq qərarı nə uçuşların təhlükəsizliyini təmin edir, nə də gələcək risklərin qarşısını alır. Əksinə, bu addım beynəlxalq aviasiya üçün son dərəcə təhlükəli olan cəzasızlıq presedenti yaradır.

Ekspertlərin qənaətinə görə, Moskvanın bu qərarı Bakı ilə Kreml arasında onsuz da mürəkkəb və həssas olan münasibətləri daha da gərginləşdirə bilər. Əgər mülki sərnişin təyyarəsinin məhv edilməsi faktı cavabsız qalırsa və buna görə heç kim məsuliyyət daşımırsa, bu cür faciələrin gələcəkdə digər ölkələrin təyyarələri ilə də təkrarlanması istisna edilmir. Bu isə beynəlxalq mülki aviasiya təhlükəsizliyi üçün ciddi risk deməkdir.

Siyasi nəticələr xüsusilə ağır qiymətləndirilir. Azərbaycan–Rusiya münasibətləri artıq kritik mərhələdədir və istintaqın dayandırılması ikitərəfli dialoqun daha da sərtləşməsi ilə nəticələnə bilər. Bununla belə, Rusiyada işin bağlanması Azərbaycanın müstəqil araşdırma aparmaq, eləcə də beynəlxalq hüquqi mexanizmlərə müraciət etmək hüququnu məhdudlaşdırmır.

Rəsmi Bakı Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) da daxil olmaqla, beynəlxalq qurumlara və məhkəmə instansiyalarına müraciət edə bilər. MH17 işi nümunəsi göstərir ki, bu cür hallarda siyasi, hüquqi və imic baxımından nəticələr Moskva üçün son dərəcə ağır ola bilər. Müşahidəçilərin fikrincə, Bakı ilə əldə edilmiş razılaşmaların pozulması və məsuliyyətdən yayınma beynəlxalq tribunalın gündəmə gəlməsini faktiki olaraq qaçılmaz edir. Bu isə məsələnin artıq təkcə ikitərəfli yox, qlobal hüquqi müstəviyə daşınması deməkdir.

Bu fonda bir sıra mühüm suallar ortaya çıxır:

Rusiyanın AZAL-a məxsus mülki sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işini dayandırması beynəlxalq aviasiya hüququ və uçuş təhlükəsizliyi baxımından hansı təhlükəli presedenti yaradır? Bu qərar Azərbaycan–Rusiya münasibətlərində mövcud gərginliyi hansı mərhələyə daşıya bilər? Bakının ICAO, beynəlxalq məhkəmələr və digər hüquqi mexanizmlərə müraciəti Moskva üçün hansı siyasi və imic itkiləri ilə nəticələnə bilər? MH17 presedenti fonunda bu məsələ artıq ikitərəfli çərçivədən çıxaraq qlobal hüquqi qarşıdurmaya çevrilirmi?

Məsələ ilə bağlı siyasi şərhçi Heydər Oğuz NOCOMMENT.az-a açıqlamasında bildirib ki, Moskva beynəlxalq hüququ tanımır.

Onun sözlərinə görə, Kreml bütün davranışlarını öz maraqlarını zorla qarşı tərəfə qəbul etdirmək prinsipi üzərində qurur:

“Əslində, Rusiya öz düşüncəsinə görə haqsız da deyil. Çünki beynəlxalq hüquq normaları mövcud dünya siyasi düzəninin məhsuludur. Köhnə dünya düzəni dağılıb, yenisi isə hələ formalaşmayıb. Yeni düzən yarandıqda ona uyğun hüquq sistemi də qurulacaq. Odur ki, Rusiya kimi iddialı dövlətlər köhnə hüquq sistemini heçə saymaqdan çəkinmirlər.”

Heydər Oğuzun fikrincə, Rusiyanın Azərbaycana qarşı kobud davranışlarının nəticələri artıq çoxdan formalaşıb və son addımlar da həmin proseslərin davamıdır:

“Rusiya Türk dünyasına hələ də öz arxa bağçası, vassalı kimi baxır və düşünür ki, onunla istədiyi kimi davrana bilər. Sərnişin təyyarəmizin vurulması da, Rusiyada yaşayan azərbaycanlılara qarşı aparılan diskriminasiya siyasəti də bu məntiqin məhsuludur. Azərbaycan dövləti bu davranışlara laqeyd qalmamalı, adekvat və strateji cavablar verməlidir. Əlbəttə, biz də Rusiyanın etdiyi kimi vəhşiliklə cavab verməməliyik. Amma Rusiyanın heç vaxt unutmayacağı, onu çəkindirən və ağrı verən strateji zərbələr endirmək mümkündür”.

Siyasi şərhçi vurğulayıb ki, Moskvanın əsas qorxusu Azərbaycanın Türk dünyası ilə inteqrasiyasıdır:

“Rusiya bizim Türk dünyası birliyi istiqamətində atdığımız addımlardan açıq şəkildə çəkinir. Deməli, cavab da məhz bu istiqamətdə olmalıdır. Türk dünyasının inteqrasiyasını dərinləşdirməli, bu prosesi keyfiyyətcə yeni mərhələyə yüksəltməliyik”.

Heydər Oğuz hesab edir ki, Azərbaycan təyyarəsinə qarşı təxribat Türk dövlətlərinin 2024-cü ildə atdığı birgə addımlara cavab idi.

Onun sözlərinə görə, həmin il Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiya, tranzit yolları, vahid rəqəmsal məkan və təhlükəsizlik mexanizmləri ilə bağlı onlarla mühüm qərar qəbul edilmişdi:

“Şuşa və Bişkek sammitləri isə Kremlin narahatlığını daha da artırmışdı”.

Ekspert Suriyada baş verən proseslərin də Moskva üçün ağır zərbə olduğunu qeyd edir.

Onun fikrincə, Rusiyanın Aralıq dənizindəki mövqelərinin sarsılması, Tartus limanının itirilməsi təhlükəsi və Türkiyənin regionda artan təsiri Kremlin səbr kasasını daşıran əsas amillərdən biri olub:

“Bütün bu proseslərin fonunda Azərbaycanın sərnişin təyyarəsinə qarşı törədilən təxribat təsadüfi deyil”.

Heydər Oğuzun qənaətinə görə, Azərbaycan Rusiyanın bu cinayətkar qərarını beynəlxalq müstəvidə ifşa etməli və məsələni məhkəməyə çıxarmalıdır:

“Nəyin bahasına olursa olsun, dünyaya Rusiyaya uçuşların təhlükəli olduğu mesajı verilməlidir. Əgər buna nail ola bilsək, bu, Moskvaya vurulan ən ağrılı zərbələrdən biri olacaq.”

Siyasi şərhçinin fikrincə, hazırkı vəziyyət Bakının prinsipial mövqe sərgiləməsi üçün tarixi fürsətdir və bu fürsət qaçırılmamalıdır.

Chosen
53
nocomment.az

1Sources