Xəbər verdiyimiz kimi, 2026-cı ildən etibarən yetkinlik yaşına çatmayan şəxslərin Rusiya ərazisinə giriş və çıxış qaydaları dəyişir.
Qaydalara əsasən. uşaqların doğum şəhadətnaməsi və ya valideynin pasportunda qeyd əsasında sərhədi keçməsi mümkün olmayacaq. Bundan sonra uşaqlar Rusiya Federasiyasına yalnız xarici pasportla daxil ola və ölkədən çıxa biləcəklər.
Nazirlik bildirir ki, yeni qaydalar 20 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.
Yeni tələblər Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına da şamil olunur. Xüsusilə ailəvi səfərlər, təhsil, müalicə və ya qohum ziyarəti məqsədilə Rusiyaya gedənlər üçün bu dəyişiklik vacibdir. Valideynlər və qanuni nümayəndələr səfərdən əvvəl uşaqlar üçün ayrıca xarici pasportun olmasına diqqət etməlidirlər.
Qaydaların qüvvəyə minməsinə az vaxt qaldığını nəzərə alaraq, valideynlər sənədlərin hazırlanmasını son vaxta saxlamamalıdır. Əks halda, sərhəddə problemlər yarana və səfər baş tutmaya bilər.
Bəs, Rusiya tərəfindən 2026-cı ildən etibarən yetkinlik yaşına çatmayanların ölkəyə giriş-çıxışı üçün yalnız xarici pasportun tələb olunması qərarını sırf texniki-miqarasiya addımı kimi qiymətləndirmək olar, yoxsa bu, Moskvanın postsovet məkanında sərhəd nəzarətini və siyasi təsir mexanizmlərini sərtləşdirməsinin tərkib hissəsidir?
Bundan başqa, bu dəyişiklik Rusiya–Azərbaycan münasibətlərinə, xüsusilə humanitar əlaqələrə, ailəvi gediş-gəlişə və miqrasiya siyasətinə hansı siyasi mesajları verir və gələcəkdə digər məhdudlaşdırıcı addımların anonsu kimi dəyərləndirilə bilərmi?
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi, VHP sədrinin müavini Samir Əsədli qeyd edib ki, Rusiyanın yeni qanunları özündə miqrasiya prosesləri üzərində nəzarətin gücləndirilməsi və bu istiqamətdə təhlükəsizliyin təmin olunmasına xidmət edən tədbirlərin yerinə yetirilməsini ehtiva edir:
“Bu, kifayət qədər sərt tətbiq olunan nəzarət sistemidir. Azərbaycan da Rusiya ilə vizasız gediş-gəlişi olan ölkələrdən biridir. Yeni qaydalar bizim vətəndaşlarımıza da şamil olunacaq. Bu isə təbii ki, müəyyən çətinliklər yaradacaq. Sırf texniki baxımdan çətinliklər yaşana bilər. Bir qədər təcrübə topladıqdan sonra rahat istifadə mümkün olacaq. İstənilən halda bu, nizam-intizam yaradacaq sistemdir. İstənilən şəxs bilet alıb Rusiya ərazisində daxil ola bilməyəcək. Bu sistem gələcəkdə xüsusilə Rusiya ilə miqrasiya mübadiləsi yüksək olan ölkələrin vətəndaşları üçün çətinliklər yaradacaq”.
Əsədlinin sözlərinə görə, Rusiyada Mərkəzi Asiya respublikalarından olan vətəndaşların sayı həddən artıq çoxdur:
“Miqrantların sayında faiz nisbətində ilk beşlikdə məhz Mərkəzi Asiya ölkələrinin vətəndaşları üstünlük təşkil edir. Müəyyən mənada siyasi müstəvidə qəbul edilən qərarlar sonra cəmiyyətdə birmənalı qarşılanmayıb, həm əleyhdarları, həm də lehinə olanlar olub. Yeni qanunların qəbulunu əmək bazarında işsizlik problemi olduğu üçün miqrantların Rusiya vətəndaşlarının tuta biləcəkləri iş yerlərini tutmaları ilə əlaqələndirənlər olub. Amma fikrimcə, yeni qanunlar birmənalı şəkildə qanunsuz miqrasiya ilə mübarizənin daha effektiv və hədəfli şəkildə aparılmasına xidmət edir”.