Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Gürcüstan hökuməti bu addımı atmaqla ölkənin turizm sektoruna ziyan vuracaq. Əgər bu ziyan dərinləşsə, ola bilər ki, gələcəkdə qərarı ləğv edilsin”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli Gürcüstanda xarici vətəndaşlar üçün tibbi sığorta sisteminin məcburi olması ilə bağlı verilən qərardan danışarkən deyib.
O bildirib ki, qərar Gürcüstanda böyük etirazlara səbəb olub:
"Gürcüstan hökuməti tərəfindən bu qərar hələ ötən il qəbul olunmalı idi. Amma nədənsə qərar ertələndi, gələn il yanvarın 1-dən qüvvəyə minəcək”.
Natiq Cəfərli turizm sektorunun sözügedən qərardan çox narazı olduğunu vurğulayıb:
"Onlar deyir ki, qərar tətbiq olunsa, turizm sektorunda ciddi azalmalar olacaq. Bu qərar ölkəyə gələn turistlərlə bağlı problem yarada bilər. Amma görünən odur ki, Gürcüstan hökuməti çox asan bir sistem yaratmaq istəyir: kim sığorta ilə ölkəyə gəlməyibsə, elə Gürcüstan ərazisində müəyyən məbləği ödəməklə tələb olunan sığortanı alsın”.

Natiq Cəfərli vurğulayıb ki, ölkəmizdən gedən turistlər Azərbaycanda da bu sığortanı ala bilər:
"Onun qiyməti elə də baha olmayacaq. Təqribən 20-25 manat civarında olacaq, amma hər halda bu da əlavə xərcdir”.
Xatırladaq ki, 2026-cı ilin 1 yanvardan etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar. AZAL-dan bildirib ki, qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.
Bahar Rüstəmli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.