EN

TUC rəhbəri Britaniyanın Aİ nin Gömrük İttifaqına qayıtmasını dəstəkləyib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Britaniya Həmkarlar İttifaqları Konqresinin (TUC – Trades Union Congress) rəhbəri Pol Novak Böyük Britaniya hökumətini Avropa İttifaqının Gömrük İttifaqına yenidən qoşulmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, Birləşmiş Krallığın ən böyük həmkarlar ittifaqları birliyinin baş katibi bu fikri "Financial Times" qəzetinə verdiyi müsahibədə səsləndirib.

“Son 12 ay göstərdi ki, Ağ Ev artıq həmişə düşündüyümüz qədər etibarlı müttəfiq deyil. Buna görə də bizim ən böyük ticarət tərəfdaşımızla düzgün münasibətlər qurmağımız vacibdir”, – deyə Novak bildirib. O əlavə edib ki, hökumət Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmaq üçün bütün imkanları, o cümlədən Gömrük İttifaqına qoşulmanı nəzərdən keçirməlidir. Bu addım Londonun Brüssel ilə ticarət maneələrini xeyli azaltmasına imkan verərdi, lakin eyni zamanda Böyük Britaniyanın digər ölkələrlə azad ticarət sazişləri bağlama imkanlarını məhdudlaşdırardı ki, bu da 2016-cı ildə Aİ-dən çıxış üzrə referendumda britaniyalıların ifadə etdiyi iradəyə birbaşa zidd olar.

“Mənim fikrimcə, söhbət Böyük Britaniyada keyfiyyətli iş yerlərinin və təchizat zəncirlərinin qorunmasından gedir. Bununla yanaşı, bu, supermarketlərdəki qiymətlərə də real təsir göstərəcək. Düşünmürəm ki, bunun üçün növbəti seçkiləri gözləmək lazımdır”, – deyə hazırda hakimiyyətdə olan Leyboristlər Partiyasını ənənəvi olaraq dəstəkləyən həmkarlar ittifaqları birliyinin rəhbəri vurğulayıb.

Nəşrin qeyd etdiyi kimi, bu bəyanatlar partiya lideri və hökumətin başçısı, baş nazir Kir Starmer üzərində əlavə təzyiq yaradacaq. O, krallığın Aİ-nin Gömrük İttifaqına qoşulması imkanını rədd edərək bunun hökumət üçün “aydın qırmızı xətt” olduğunu bildirib. Leyboristlərin liderinin fikrincə, bu addım Böyük Britaniya danışıqlarçılarının ABŞ və Hindistanla razılaşdırdığı ticarət sazişlərinə zidd olardı.

Lakin bundan əvvəl səhiyyə naziri Uez Striting "The Observer" qəzetinə verdiyi müsahibədə baş nazirin mövqeyinə qarşı çıxaraq bildirib ki, Böyük Britaniyanın Gömrük İttifaqına qayıtması “iqtisadi artım tempini artırmaq və Aİ ilə münasibətləri dərinləşdirmək” baxımından faydalı olardı.

Stritingin mövqeyini ötən il Leyboristlər Partiyasına səs vermiş britaniyalıların 80%-i də bölüşür. Dekabrın ortalarında "YouGov" şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, bu ideyanı “Yaşıllar” partiyasının tərəfdarlarının 78%-i, “Liberal Demokratlar”ın 75%-i, müxalif Mühafizəkarlar Partiyasının 39%-i və hətta "Brexit"in ideoloqlarından biri Naycel Faraj tərəfindən qurulan sağ-populist Reform UK partiyasının tərəfdarlarının 20%-i dəstəkləyir.

Eyni zamanda, leyboristləri dəstəkləyənlərin 73%-i hökumətin Aİ-yə qayıdışla bağlı danışıqlara başlamalı olduğuna əmindir.

Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 23 iyun 2016-cı ildə keçirilib. Üzvlüyün dayandırılmasının lehinə britaniyalıların 51,9%-i, əleyhinə isə 48,1%-i səs verib. Bir neçə il davam edən danışıqlardan sonra Böyük Britaniya 1 fevral 2020-ci il gecəsi Aİ-ni tərk edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
bizimyol.info

1Sources