EN

Biləsuvarda toy karvanında ağır qəza: İki bacı ölüb - YENİLƏNİB-2 - VİDEO

27.12.2025-ci il tarixində saat 17:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

19.24

Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Fidan Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.

Araşdırma aparılır.

***

19.00

Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.

Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.

***

18.34

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

Chosen
41
7
apa.az

10Sources