EN

FED-in müstəqilliyinə müdaxilə: Təhlükəli presedent



ABŞ-ın sabiq prezidenti Donald Trampın Federal Ehtiyatlar Sistemi (FED) ilə bağlı son açıqlamaları yalnız cari siyasi polemika kimi deyil, institusional idarəetmə baxımından ciddi narahatlıq doğuran məsələ kimi qiymətləndirilməlidir. Xüsusilə “mənimlə eyni fikirdə olmayan heç kim FED sədri ola bilməz” fikri, mərkəzi bank müstəqilliyinə açıq müdaxilə niyyəti kimi dəyərləndirilməlidir.

Müasir iqtisadi idarəetmənin əsas sütunlarından biri mərkəzi bankların siyasi hakimiyyətdən institusional və funksional müstəqilliyidir. FED-in müstəqilliyi ABŞ-da yalnız monetar siyasətin effektivliyini deyil, eyni zamanda maliyyə bazarlarına olan etimadı, inflyasiya gözləntilərinin idarə olunmasını və uzunmüddətli makroiqtisadi sabitliyi təmin edən əsas mexanizmdir. Bu müstəqilliyin zəiflədilməsi isə qısamüddətli siyasi maraqlar naminə strateji institutların funksiyasının risk altına salınması deməkdir.

Trampın arqumentləri zahirən “bazarın gücləndirilməsi” və “uğurun cəzalandırılmaması” kimi populist çağırışlara əsaslansa da, mahiyyət etibarilə pul siyasətinin siyasi iradəyə tabe etdirilməsi təhlükəsini ortaya qoyur. Tarixi təcrübə göstərir ki, mərkəzi banklara siyasi təzyiqlər adətən süni iqtisadi artım, inflyasiya risklərinin artması və maliyyə balonlarının formalaşması ilə nəticələnir.

Xüsusilə qeyd edilməlidir ki, FED sədri siyasi baxımdan deyil, peşəkarlıq, institusional məsuliyyət və makroiqtisadi balansları qorumaq bacarığı əsasında fəaliyyət göstərməlidir. Əks halda, monetar siyasət texniki alət olmaqdan çıxaraq seçkiöncəsi populizmin bir hissəsinə çevrilə bilər.

Bu yanaşma təkcə ABŞ üçün deyil, qlobal maliyyə sistemi üçün də təhlükəli presedent yaradır. FED-in qərarları dolların qlobal ehtiyat valyutası statusuna, beynəlxalq kapital axınlarına və dünya bazarlarında sabitliyə birbaşa təsir göstərir. Siyasi müdaxilə isə bu etimadı sarsıda bilər.

Nəticə etibarilə, Trampın FED-in müstəqilliyinə yönəlmiş bu cür bəyanatları iqtisadi rasionalizmdən daha çox siyasi loyalıq tələbi kimi görünür. Halbuki güclü dövlət anlayışı institutların fərdlərdən asılı olmadığı, qaydaların şəxslərdən üstün tutulduğu idarəetmə modelinə əsaslanır. İqtisadi uğur, məhz bu institusional müstəqillik qorunduğu halda davamlı ola bilər.

Zahid Məmmədov, iqtisad elmləri doktoru
Chosen
23
1
newscenter.az

2Sources